Avropada “sağ rüzgarı” güclənir – Bakının çıxardığı NƏTİCƏ

Avropada “sağ rüzgarı” əsir. Almaniyada AfD-nin yüksəlişi, Fransada Marin Le Penin siyasi xəttinin güclənməsi, İtaliyada sağ populistlərin hakimiyyətdə olması və Balkanlarda millətçi ritorikanın yenidən ön plana çıxması diqqətçəkən nümunələrdəndir. Srebrenitsa soyqırımının təşkilatçısı Ratko Mladiçin dəfn mərasimində minlərlə insanın iştirakı da Balkanlarda radikal millətçi yaddaşın hələ də güclü olduğunu göstərən son hadisələrdən biridir.

Bu mənzərə isə sual doğurur: “qoca qitə” liberalizmdən uzaqlaşırmı?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, dünya 2022-ci ildən əvvəlki deyil: “Müharibə yalnız Rusiya-Ukrayna münasibətlərini deyil, Avropanın təhlükəsizlik strukturunu, siyasi proseslərini və cəmiyyətlərdəki ideoloji meyilləri də dəyişdirib. Avropada liberalizm və qlobalist yanaşmaların əvvəlki mövqelərini müəyyən qədər itirdiyini, sağyönümlü, millətçi və populist siyasi qüvvələrin isə getdikcə daha çox dəstək qazandığını müşahidə edirik”.

Rusiya sülh müqaviləsi danışıqlarında separatçıların iştirakını təklif  edir” – <span style=color:red>Politoloq - Medianews.az

Onun fikrincə, miqrasiya, iqtisadi problemlər, enerji təhlükəsizliyi və Ukrayna müharibəsi fonunda milli təhlükəsizlik daha çox ön plana çıxır: “Rusiyanın hərbi siyasəti Qərbin təhlükəsizlik narahatlıqlarını artırmaqla yanaşı, Avropada millətçi qüvvələrin mövqelərinin güclənməsinə şərait yaradır. Böyük Britaniyanın Avropa İttifaqından ayrılması inteqrasiya prosesinin əvvəlki dinamikasına ciddi təsir göstərdi”.

Ekspert qeyd edib ki, bu gün isə Avropada həm daxili siyasi parçalanma, həm miqrasiya, həm enerji təhlükəsizliyi, həm də Rusiya ilə qarşıdurma fonunda yeni siyasi reallıq formalaşır: “Almaniyada AfD-nin mövqelərinin güclənməsi xüsusilə diqqət çəkir. Bu partiyanın bəzi nümayəndələrinin miqrasiya, islam və milli kimlik məsələlərində sərt mövqeləri Avropada ciddi müzakirələrə səbəb olur. Eyni tendensiyanı Fransada və digər Avropa ölkələrində də görmək mümkündür. Əgər radikal sağ qüvvələrin siyasi təsiri daha da artarsa, gələcəkdə Avropada dövlətlərarası münasibətlərin və təhlükəsizlik siyasətinin daha sərt xarakter alması ehtimalı yüksələ bilər”.

Onun sözlərinə görə, bugünkü Avropa ilə ikinci dünya müharibəsi ərəfəsindəki Avropa arasında birbaşa paralel aparmaq düzgün olmaz. Ekspert hesab edir ki, buna baxmayaraq, radikal millətçilik, ksenofobiya və islamofobiyanın siyasi diskursda güclənməsi ciddi risklər yaradır.

“Əgər Avropa siyasi elitaları bu tendensiyaların qarşısını hüquqi və demokratik mexanizmlərlə ala bilməsələr, 2030-cu illərə doğru ifrat sağçı qüvvələrin daha çox ölkədə hakimiyyət uğrunda real namizədə çevrilməsi mümkündür” -, müsahibimiz deyib.

M.Əsədullazadənin sözlərinə görə, Balkanlarda da millətçi meyillərin güclənməsi müşahidə olunur: “Bu proseslər fonunda Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini qoruyaraq öz təhlükəsizliyini və milli maraqlarını prioritet hesab edir. Bunun nəticəsində ölkənin Cənubi Qafqazdakı geosiyasi mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Hazırda dünya əvvəlki kimi vahid qlobal siyasi sistem üzrə inkişaf etmir. Böyük güclər arasında rəqabət artır, regional güclərin rolu yüksəlir və milli dövlətlər öz təhlükəsizliklərini daha çox müstəqil şəkildə təmin etməyə çalışırlar. Azərbaycan da məhz bu yeni reallıqda öz milli maraqlarını qoruyan, balanslı və praqmatik siyasət yürüdərək Cənubi Qafqazda əsas geosiyasi aktorlardan birinə çevrilib”.

Cavanşir Abbaslı
Musavat.com

15.09.2026 15:23
624