Qətərdə dünyanın ən böyük maye qaz istehsalı qurğusuna raket zərbəsindən sonra Avropada qaz qiymətləri bir neçə saat ərzində təxminən 35 faiz bahalaşıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Hollandiyadakı TTF mərkəzində qaz fyuçersləri min kubmetr üçün təxminən 854 dollara (MVt/saat üçün 72 avro) çatıb ki, bu da 2022-2023-cü illərin qışından bəri ən yüksək göstəricidir.
Qətər kompleksi dünyanın mayeləşdirilmiş təbii qazının təxminən beşdə birini təmin edir. İranla müharibə səbəbindən daşınmalar 10 gün əvvəl qismən dayandırılsa da, yeni zərbələr uzunmüddətli fasilələr riskini artırıb.
Raket qalıqlarının düşməsindən sonra Əbu-Dabidə qaz istehsalının dayandırılması da bazara əlavə təzyiq yaradıb.
Analitiklər xəbərdarlıq edirlər ki, LNG təchizatında fasilələr aylarla və hətta illərlə davam edə bilər, yəni Avropa və Asiyada qiymətlər yüksək olaraq qalacaq. Vəziyyət Avropanın qışdan aşağı ehtiyatlarla çıxması və yayda Asiya bazarları ilə qaz üçün daha fəal rəqabət aparmaq məcburiyyətində qalması ilə daha da ağırlaşır.
Qeyd edək ki, Avropa Azərbaycan qazının əsas ixrac bazarıdır. Ötən il bu bazara 13 milyard kubmetrə yaxın qaz ixrac olunub. Buna görə də Avropada qiymətlərin yüksək olması Azərbaycanın qaz ixracından gəlirlərini kəskin artıracaq.
Musavat.com