Avropada hakimlərin susdurulmasına qarşı TARİXİ QƏRAR

2016-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsi Macarıstan Ali Məhkəməsinin sabiq sədri Andraş Bakanın işi üzrə verdiyi qərarla Avropada hakimlərin ifadə azadlığına dair mühüm hüquqi sərhədləri müəyyənləşdirdi. Məhkəmə belə nəticəyə gəldi ki, məhkəmə-hüquq islahatlarını açıq şəkildə tənqid edən bir hakimin vəzifədən uzaqlaşdırılması təkcə onun şəxsi hüquqlarına müdaxilə deyil, həm də məhkəmə hakimiyyətinin müstəqilliyinə təsir göstərən təhlükəli presedentdir. Bu qərar hakimlərin yalnız məhkəmə zalında deyil, hüququn aliliyi, məhkəmə sisteminin problemləri və hüquqi islahatlarla bağlı ictimai müzakirələrdə də söz sahibi olub-olmaması məsələsini yenidən gündəmə gətirdi.

Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış vəkil Cavad Cavadov hesab edir ki, demokratik hüquq dövlətində hakimlərin müstəqilliyi yalnız onların işlərə baxarkən kənar təsirlərdən qorunması ilə məhdudlaşmır.

Onun fikrincə, hakimlər məhkəmə hakimiyyətinin fəaliyyəti, qanunvericilik dəyişiklikləri və hüququn aliliyinə təsir edən məsələlər barədə peşəkar mövqelərini sərbəst ifadə etmək imkanına malik olmalıdırlar.

Cavad Cavadov bildirib ki, demokratik hüquq dövlətində hakimlərin müstəqilliyi yalnız onların işlərə baxarkən kənar təsirlərdən qorunması ilə ölçülmür. Hakimlərin müstəqilliyi eyni zamanda onların peşəkar mövqelərini sərbəst ifadə edə bilməsini də əhatə edir. Onun sözlərinə görə, hakimlər dövlət hakimiyyətinin ayrıca qolunu təmsil etsələr də, onlar ilk növbədə fundamental hüquqların daşıyıcısı olan insanlardır və digər vətəndaşlar kimi ifadə azadlığı hüququna malikdirlər.

"Hakimlərdən siyasi neytrallıq tələb oluna bilər. Lakin siyasi neytrallıq ilə peşəkar susqunluq eyni anlayış deyil. Hakimin məhkəmə hakimiyyətinin vəziyyəti, qanunvericilik dəyişiklikləri, məhkəmə sistemindəki problemlər və hüququn aliliyinə təsir edən məsələlər barədə peşəkar mövqeyini ifadə etməsi demokratik cəmiyyət üçün təhlükə deyil, əksinə, faydadır. Məhkəmə sisteminin real problemlərini ən yaxşı bilən şəxslər məhz həmin sistemin daxilində çalışan hakimlərdir", - deyə Cavad Cavadov bildirib.

CAVAD SON.jpg (36 KB)

Qeyd edib ki, Macarıstan Ali Məhkəməsinin sabiq sədri Andraş Bakanın işi üzrə verilmiş qərar Avropada hakimlərin durumunu ortaya qoyur:

"Andraş Bakanın işinin hallarına görə, o, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları ilə bağlı açıq şəkildə tənqidi mövqe nümayiş etdirmişdi. Hakimlərin məcburi təqaüdə göndərilməsi, məhkəmə sisteminin idarə edilməsində həddindən artıq mərkəzləşmə və məhkəmə hakimiyyətinin müstəqilliyinə mənfi təsir göstərə biləcək qanunvericilik dəyişiklikləri barədə narahatlığını ictimaiyyətlə bölüşürdü. Lakin sonradan qəbul edilən konstitusiya və qanunvericilik dəyişiklikləri nəticəsində onun qanunla müəyyən edilmiş 6 illik səlahiyyət müddəti başa çatmadan, təxminən 3 il yarım əvvəl vəzifəsinə xitam verildi".

Cavad Cavadov deyib ki, işin əsas əhəmiyyəti Avropa Məhkəməsinin hadisələrin formal hüquqi çərçivəsi ilə kifayətlənməməsində, onların arxasında duran həqiqi səbəbləri araşdırmasında olub:

"Məhkəmə müəyyən etdi ki, ərizəçinin vəzifədən uzaqlaşdırılması sadəcə struktur islahatının nəticəsi kimi qiymətləndirilə bilməz. Onun açıq şəkildə ifadə etdiyi peşəkar mövqelərlə qəbul edilən tədbirlər arasında əlaqə mövcud idi. Bu isə hakimlərin ifadə azadlığına müdaxilə kimi qiymətləndirildi".

Avropa Məhkəməsi hansı prinsipi müəyyən etdi?

Avropa İnsan Hüquqları Məhkəməsi qərarında vurğuladı ki, məhkəmə hakimiyyətinin müstəqilliyi hüququn aliliyinin əsas sütunlarından biridir. Hakimlər yalnız işlərə baxan şəxslər deyil, həm də ədalət mühakiməsinin funksionallığı və məhkəmə sisteminin gələcəyi ilə bağlı xüsusi bilik və təcrübəyə malik peşəkar hüquqşünaslardır.

Məhkəmə qeyd etdi ki, məhkəmə sisteminə aid qanunvericilik dəyişiklikləri və institusional islahatlar ictimai maraq doğuran məsələlərdir. Belə məsələlər barədə hakimlərin peşəkar mövqelərinin səsləndirilməsi demokratik cəmiyyətin normal fəaliyyətinin ayrılmaz hissəsidir. Qərarda xüsusi olaraq vurğulandı ki, hakimlər bu cür mövqelərinə görə cəzalandırılarsa, bu, yalnız konkret hakimə deyil, bütövlükdə məhkəmə sisteminə təsir göstərir.

Cavad Cavadov hesab edir ki, Andraş Baka işi üzrə qərarın ən mühüm hissələrindən biri Avropa Məhkəməsinin "çəkindirici effekt" konsepsiyasını tətbiq etməsi olub.

Onun sözlərinə görə, bir hakimin peşəkar mövqeyinə görə cəzalandırılması digər hakimlərə də aydın mesaj verir ki, müəyyən məsələlər barədə açıq danışmaq arzuolunan deyil:

"Əslində bu gün maraqlı bir mənzərə müşahidə olunur. Uzun illər hakim kimi fəaliyyət göstərmiş şəxslərin bir qismi yalnız təqaüdə çıxdıqdan və ya müxtəlif səbəblərdən səlahiyyətlərinə xitam verildikdən sonra məhkəmə sistemindəki problemlər, qanunvericilikdəki boşluqlar, məhkəmə təcrübəsində rast gəldikləri çətinliklər və aparılan islahatlarla bağlı açıq danışmağa başlayırlar. Onların sosial şəbəkələrdə, mətbuatda və digər ictimai platformalarda səsləndirdikləri fikirlər göstərir ki, həmin şəxslər bu mövzular barədə geniş peşəkar bilik və təcrübəyə malik olublar".

Vəkil hesab edir ki, bu vəziyyət müəyyən mənada Avropa Məhkəməsinin Baka işində bəhs etdiyi "çəkindirici effekt" anlayışını xatırladır:

"Əgər hakimlər peşəkar fikirlərini ifadə etdiklərinə görə gələcək karyeralarının, vəzifələrinin və ya peşə fəaliyyətlərinin təhlükə altına düşəcəyindən ehtiyat etməsəydilər, çox güman ki, onların bir qismi bu fikirləri yalnız təqaüdə çıxdıqdan sonra deyil, məhz fəaliyyət göstərdikləri dövrdə də ictimaiyyətlə bölüşərdilər".

Cavad Cavadovun fikrincə, hüquqi dövlətlərdə hakimlərin peşəkar mövqelərinin səsləndirilməsi təhlükə kimi deyil, hüquq sisteminin inkişafına töhfə kimi qəbul edilməlidir:

"Məhkəmə sistemindəki struktur problemlər, qanunvericiliyin tətbiqindəki çətinliklər, islahatlara ehtiyac olan sahələr və hüququn aliliyinin təmin edilməsinə dair məsələlər barədə ən dolğun məlumat məhz həmin sistemin daxilində çalışan şəxslərdə mövcuddur. Bu baxımdan hakimlərin peşəkar fikirlərinin ictimai müzakirələrə çıxarılması qanunvericiliyin təkmilləşdirilməsinə, məhkəmə sisteminin daha effektiv fəaliyyətinə və cəmiyyətin daha məlumatlı qərarlar qəbul etməsinə xidmət edə bilər. Əlbəttə, bu, hakimlərin siyasi mübarizənin iştirakçısına çevrilməsi və ya siyasi tərəfkeşlik nümayiş etdirməsi demək deyil. Söhbət yalnız hüququn aliliyi, məhkəmə hakimiyyətinin fəaliyyəti, qanunvericilik təşəbbüsləri və ədalət mühakiməsinin keyfiyyəti ilə bağlı peşəkar mülahizələrin ifadə edilməsindən gedir. Baka işi Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərin ifadə azadlığı ilə bağlı formalaşdırdığı ən mühüm presedentlərdən biri hesab olunur. Bu qərar bir daha təsdiq edir ki, məhkəmə hakimiyyətinin müstəqilliyi yalnız hakimlərin qərar qəbul edərkən azad olması ilə məhdudlaşmır. Hakimlər eyni zamanda hüququn aliliyinə, məhkəmə sisteminin gələcəyinə və hüquqi islahatlara dair peşəkar fikirlərini qorxu və təzyiq olmadan ifadə etmək imkanına malik olmalıdırlar. Çünki demokratik cəmiyyətdə hakimlərin səsi yalnız məhkəmə qərarlarında deyil, hüququn aliliyi və ədalət mühakiməsinin gələcəyi ilə bağlı ictimai müzakirələrdə də eşidilməlidir. Bu, hakimlərə verilən xüsusi imtiyaz deyil, hüquqi dövlətin və müstəqil məhkəmə hakimiyyətinin vacib təminatlarından biridir".

E.Məmmədəliyev,
Musavat.com

01.06.2026 13:28
548