Avropada 210 milyardlıq Rusiya pulu uğrunda hərəkət başladı

Avropa İttifaqında Rusiyanın dondurulmuş yüz milyardlarla avroluq aktivlərinin Ukraynaya yönəldilməsi məsələsi yenidən gündəmə gətirilir.

Musavat.com Qordon mediaya istinadən istinadən xəbər verir ki, Avropa Parlamentinin müxtəlif siyasi qruplarından olan 122 deputat Aİ rəhbərliyinə müraciət edərək Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı danışıqların bərpasını istəyib.

Söhbət Aİ ərazisində dondurulmuş təxminən 210 milyard avroluq Rusiya Mərkəzi Bankı aktivlərindən gedir. Vəsaitlərin böyük hissəsi Belçikada yerləşən “Euroclear” depozitarında saxlanılır.

Avroparlamentarilər Avropa Komissiyasını bəzi üzv dövlətlərin, ilk növbədə Belçikanın etirazlarını aradan qaldıracaq yeni mexanizm hazırlamağa çağırıblar.

Müzakirə olunan variantlardan biri Rusiya aktivlərinin “Euroclear”dan çıxarılaraq Aİ tərəfindən yaradılacaq ayrıca struktura köçürülməsidir. Bu halda mümkün hüquqi risklərin yalnız Belçikanın üzərində qalmasının qarşısının alınması nəzərdə tutulur.

Belçika indiyədək Rusiya aktivlərinin Ukraynanın istifadəsinə verilməsinə qarşı çıxıb. Brüssel Moskvanın mümkün məhkəmə iddiaları və cavab tədbirləri ilə bağlı hüquqi və maliyyə risklərinin əsasən Belçikanın üzərinə düşəcəyindən ehtiyat edir.

Avstriyalı avroparlamentari Helmut Brandştetter isə daha sərt mövqe nümayiş etdirib.

“Bu 210 milyard avronu götürün – oğurlamayın, indi götürüb Ukraynaya verin”, – o bildirib.

Məsələ son günlər yenidən aktuallaşıb. Niderland, Polşa, İspaniya və İsveç də dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarının yenidən müzakirə olunmasını istəyir.

Bununla belə, aktivlərin birbaşa müsadirəsi ciddi hüquqi mübahisə predmeti olaraq qalır. Aİ indiyədək əsas məbləğin özündən deyil, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya yardım üçün istifadə edib.

Musavat.com

11.09.2026 04:09
1507