30 ildən çox erməni işğalı dövründə biz Avropa İttifaqı (Aİ) daxil, kollektiv Qərbin Azərbaycana qarşı “ədalətini”, ikiüzlü siyasətini əyani gördük. Təcavüzə məruz qalan Azərbaycanı qoyub Ermənistana qahmar çıxdılar. Amma gəl ki, Ukrayna məsələsində diametral zidd mövqe tutdular. Yəni, beynəlxalq hüququn yanında yer aldılar.
Dünən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas bəyan edib ki, Ukraynaya qarşı hərbi təcavüz və digər cinayətlərə görə nə vaxtsa Rusiya lideri Putinlə bağlı hərbi tribunal qurulacaq. Olsun. Bəs Xocalı caniləri – Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, eləcə də xalqımız əleyhinə çoxsaylı bəşəri cinayətlər törətmiş digər erməni cəlladları haqda niyə səsiniz çıxmadı, vicdanınız oyanmadı? Heç olmasa, indi nə(lər)sə edin. Bunu da etmirlər. Ona görə ki, qətlə yetirilən günahsız insanlar – qocalar, qadınlar, uşaqlar müsəlman-türklərdir?..
“Nə tökərsən aşına, o da çıxar qaşığına”. Artıq Qrenlandiya məsələsində “quyruğu” tapdanan, “ərazi bütövlüyünə” təhlükə görən Avropa İttifaqı ABŞ-ı şantaj eləməkdən və hədələməkdən çəkinmir. Məsələn, “Politico” nəşri yazıb ki, prezident Donald Trampın Qrenlandiyaya qarşı təhdidləri davam edərsə, Aİ onu “həssas yerindən” vura bilər. Söhbət futbol üzrə Dünya Çempionatının ABŞ-da keçiriləcək oyunlarının (11 iyun-19 iyul, 2026) Avropa Birliyi ölkələri tərəfindən mümkün boykotundan gedir.
Qeyd edək ki, çempionat həm də Meksika və Kanadada meydanlarında keçirilməlidir. Avropanı isə 16 komanda təmsil edəcək. “Politico”ya görə, turnir Trampın “yumşaq gücünün” mühüm elementidir və o səbəbə boykot “ağrılı” ola bilər. Doğrudur, bu kimi tədbirlərlə bağlı boykot qərarlarını yalnız idman təşkilatları verir. Lakin bir sıra Avropa siyasətçiləri artıq boykot çağırışları edirlər və bu, təsirsiz ötüşməyə bilər...

Qayıdaq özümüzə. Qarabağ məsələsində riyakar və ermənipərəst siyasətindən qalmayan Qərb, özəlliklə Avropa Birliyi (AB-nin Ermənistanla ötən il imzaladığı sənəd buna şəkk-şübhə saxlamadı), zaman-zaman UEFA timsalında “Qarabağ” futbol komandasına qarşı da eyni bəd mövqeyi sərgiləyir.
Yanvarın 21-də Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən “Qarabağ”-“Ayntraxt” matçında baş hakimin qərəzli davranışından növbəti dəfə buna əminlik hasil etdik. Yaxşı ki, sonda ədalət öz yerini tapdı. Ancaq əlbəttə ki, Dağlıq Qarabağ konfliktindəki kimi, yenə özümüzün inadkarlığımız, prinsipiallığımız və əziyyətimiz sayəsində...
Bu xüsusda Prezident İlham Əliyevin oyunla bağlı paylaşımı yerinə düşür və Avropa “ədalətinin” iç üzünü yaxşı faş edir. Sitat: “Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”
UEFA-nın Azərbaycan Prezidentinə cavabı nə olacaq? Ümumiyyətlə, olacaqmı? Gözləyirik. Axı, narazılıq ən yüksək səviyyədə – bir dövlətin rəhbəri səviyyəsində bəyan edilib. Özü də HAQLI narazılıq...
Analitik xidmət,
Musavat.com