Avropa siyasətində Azərbaycan izi

Avropada geniş yayılmış diasporamızın nümayəndələri arasında siyasətə meyl edənlər varmı?

Məlum olduğu kimi, Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orxey şəhərinin meri vəzifəsinə seçkilərin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.  Bu xoş xəbər aktual suallar yaradıb - azərbaycanlılar yaşadıqları ölkələrin siyasi həyatında nə dərəcədə təmsil olunurlar? Avropada geniş yayılmış diasporamızın nümayəndələri arasında siyasətə meyl edən, yaxud siyasi həyatda özünə mövqe qazanmağa cəhd edənlər varmı?

Xatırlatmaq yerinə düşər ki, Avropa Parlamenti bəzən Azərbaycana qarşı qərəzli, həqiqəti əks etdirməyən qətnamələr qəbul edir, avroparlamentin ermənipərəst deputatları isə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirirlər. Və hər dəfə belə hallar yaşananda siyasətlə az-çox maraqlananlar sual edirlər - əgər Avropa siyasətində təmsil olunan azərbaycanəsilli siyasətçilər çox olsa idi, səsimiz eşidilərdimi?

Musavat.com-un əməkdaşı Avropada yaşayan, müxtəlif vəzifələrdə çalışan, həm yüksək postlarda mövqeyi olan, həm də siyasətlə az-çox maraqlanan azərbaycanlılarla söhbətləşib. Gəldiyimiz qənaət belə oldu ki, Azərbaycanın müstəqilliyini digər Avropa ölkələrindən nisbətən gec əldə etməsi, xüsusilə ölkəmiz üçün önəmli olan periodda köç edən azərbaycanlılar arasında siyasətçilərin demək olar ki, olmaması Avropada səsimizi eşitdirə bilməməyimizin əsas səbəbləridir.

Adının açıqlanmasını istəməyən azərbaycanəsilli diplomat saytımıza şərhində bildirib ki, xarici ölkələrdə digər icmalardan fərqli olaraq, azərbaycanlı icmaları nisbətən az saydadır: “Vaxtilə azərbaycanlılar daha çox qonşu ölkələrə miqrasiya ediblər. Uzaq ölkələrə isə müstəqillik əldə etdikdən sonrakı illərdə tədricən üz tutmağa başlayıblar. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ilk intellektual axın Avropaya, xüsusilə Fransaya olub. Onların varisləri isə valideynlərinin köç etdiyi ölkələrdə kök salmayıblar. Müxtəlif sahələrdə tanınan çox az sayda azərbaycanlılar olub. Ancaq siyasətə maraq göstərən olmayıb. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra növbəti miqrasiya başlayıb. Təhsil, səhiyyə, ailə şərtləri kimi səbəblərdən dolayı 90-cı illərin əvvəllərində xarici ölkələrə köç edən azərbaycanlıların övladları artıq yaşadıqları cəmiyyətlərə tam inteqrasiya olunmalı idilər. Amma görünən odur ki, onlar arasında siyasətçilərə rast gəlinmir. Özünü siyasətdə sınamaq istəyən, Avropanın aparıcı ölkələrinin parlamentlərində təmsil olunan azərbaycanəsilli şəxslər çox azdır. Gənc nəsil isə indi-indi cəmiyyətlərə inteqrasiya etməyə başlayıb. Tarixə nəzər salsaq, miqrasiyaya meylli xalqların nümayəndələri əsrlər boyu müxtəlif coğrafiyalara yayıldıqları üçün yaşadıqları ölkələrdə sözün əsl mənasında kök salıblar. Buna görə də onların övladları, nəvələri həmin ölkələrin bərabərhüquqlu vətəndaşları kimi nəinki parlamentdə, hətta yüksək vəzifələrdə belə yer tuta bilirlər. Adları açıqlanmasa da, xarici siyasət xidmətlərində az sayda olsa da, azərbaycanlılar var. İstisna deyil ki, azərbaycanlıların irəli getməsində erməni diasporası, erməni faktorunun rolu var. Bütün bunlara baxmayaraq, inanırıq ki, yaxın 20-30 ildə siyasətdə özünü göstərməyi bacaran azərbaycanlıları görə bilərik”. 

Mövzunu Fransada yaşayan hüquqşünas Elnur Məcidli ilə də müzakirə etdik. E.Məcidli bildirdi ki, Almaniyada, Fransada, Böyük Britaniyada, Hollandiyada, Polşada, Belçikada, hətta İtaliyada, o cümlədən digər Avropa ölkələrində, ABŞ-də, Kanadada dövlət qulluğunda çalışan, məmur olan azərbaycanlıların sayı yüzlərlədir və onlar müxtəlif sahələrlə çalışırlar: "Məsələn, II Qarabağ müharibəsində Fransa ictimaiyyəti Azərbaycan diasporunun aktivliyini hiss etdi. İlk Qarabağ müharibəsində Rusiyanın dəstəklədiyi erməni separatçılarının torpaqlarımızı işğal etməsinə baxmayaraq, Fransada ictimai rəyin 100 faizə yaxını erməniləri haqlı gördü. Ancaq 2-ci Qarabağ müharibəsində vəziyyət fərqli oldu. Torpaqlarımızı işğaldan azad etdiyimiz dövrdə daha kəskin antitəbliğata baxmayaraq, ictimai rəydə 40 faizlik üstünlük əldə edə bildik. Kiçik uğurlarımız isə lap çoxdur, bəzilərini ictimailəşdirmək olmur, ancaq əminəm ki, yaxın gələcəkdə Azərbaycan diasporunun gücü daha çox hiss ediləcək".

E.Məcidli qeyd edib ki, Azərbaycan diasporunun Qərb ölkələrində təxminən 30 illik tarixi var, yeni formalaşmaqdadır: “1920-ci illərdə Qərbə köçən azərbaycanlıların nəsli artıq assimilyasiya olub və onlar özlərini yaşadıqları ölkəyə daha bağlı hiss edirlər. Bir qismində ailə bağlarından gələn Azərbaycan sevgisi davam etsə də, böyük əksəriyyəti üçün bunu demək mümkün deyil. Azərbaycanlı olmaqla, Azərbaycandan olmaq eyni şey deyil. Azərbaycanda doğulsa da, özlərini azərbaycanlı hiss etməyənlər var, xaricdə özlərini azərbaycanlı kimi təqdim etməyə utanırlar, evlərində öz uşaqları ilə azərbaycan dilində deyil, xarici dildə danışırlar. Azərbaycan milli adət-ənənələrindən uzaq bir mühitdə formalaşanlardan milli təəssübkeşlik gözləmək doğru olmazdı. Bu baxımdan biz övladlarımızın xarici ölkələrdə milli ruhda böyüməsinə xüsusi önəm verməliyik ki, sabah onlar öz karyeralarında irəliləyiş əldə edəndə Azərbaycanla olan bağlarını həmişə nəzərə alsınlar. Təhsil faktoru da önəmlidir. Məsələn, Fransada 200 min erməni, 2 milyon türk yaşayır. Ancaq 200 min erməninin səsi 2 milyon türkdən daha çox çıxır, çünki ermənilər təhsilə daha çox diqqət ayırır. Məsələn, 1918-ci ildə Fransaya köçmüş erməni əsilli pinəçinin övladı yaxud nəvəsi Fransada karyera baxımından irəliləyir, çünki ali təhsil alıb. 1949-cu ildən Avropaya köçən türklərdə isə bu proses ləng gedir, çünki uzun illər ali təhsil yerinə peşə təhsili ilə kifayətləniblər, yaxud biznesə və xidmət sektoruna üz tutublar. Bəzi türk ailələri var ki, 2-3 nəsildir ki, ancaq inşaat, yaxud restoran işi ilə məşğuldur. Yeni nəsildə isə təhsilə meyl artıb və ümid edirəm ki, yaxın 10 ildə vəziyyət bizim lehimizə dəyişəcək”.

Həmyerlimizin fikrincə, diaspor komitəsinin fəaliyyəti doğru qurulmalıdır, xaricdə öz qonşusunun belə tanımadığı, yaşadığı ölkənin dilini bilməyən insanları yığıb kef məclisi təşkil etmək yerinə, bu ölkələrdə müxtəlif sahələrdə işləyən yüksək ranqlı azərbaycanlılarla əməkdaşlıq etmək lazımdır: “Onları bu prosesə cəlb etmək lazımdır. Fransa və digər Qərb ölkələrində doğulub-böyüyən, 20-30 yaşlarında gənclərimiz var ki, onlar doğulduqları ölkənin dilini, mədəniyyətini mükəmməl bilmədiklərinə, yüksək təhsil almalarına və yüksək karyeralarına baxmayaraq, Azərbaycana milli duyğularla bağlıdırlar. Bu cür gənclər yaşadıqları ölkənin hər nə qədər mentalitet və mədəniyyətini mənimsəsələr də, Azərbaycanla bağları qopmayıb və buna görə də onların dedikləri sözün, ortaya qoyduqları fəaliyyətin kəsəri daha güclüdür. Fransa cəmiyyəti bu cür insanların sözünü daha çox qəbul edir, nəinki ölkə xaricinə bağlı hansısa diaspor təşkilatının. Bu baxımdan bu cür karyeralı və vətənpərvər gənclərlə işləmək Diaspor Komitəsinin əsas vəzifəsi olmalıdır. Bu gün türk diasporu kəmiyyət baxımından Qərb ölkələrində çoxdur və biz onlarla bir yerdə işləyərək keyfiyyəti artırmalıyıq. Fransada həm türk, həm də yəhudi diasporu ilə ciddi bağlar qurub Azərbaycan diasporunun gücünü və lobbiçilik qabiliyyətini artırmağa çalışırıq. Bəzən bizim gördüyümüz işlərin birbaşa, yaxud dolayı təsirini görəndə sevinirik. Xaricdə yaşayan hər bir azərbaycanlının missiyası Azərbaycanı doğru şəkildə təmsil etmək və Azərbaycan adını uca və maraqlarını ön planda tutmaq olmalıdır”.

Yazını hazırladı:  Nigar HƏSƏNLİ

03.06.2026 09:35
380