Avropa İttifaqından Bakıya təklif - REAKSİYA

Avropa İttifaqı Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsi üçün açıq siyasi siqnal verib. Brüssel yenilənmiş Aİ–Azərbaycan əməkdaşlıq müqaviləsi üzərində irəliləməyə hazır olduğunu bəyan edib və bir neçə ildir müzakirə olunan sənəd üzrə birgə işi yekunlaşdırmağın vaxtının çatdığını vurğulayıb.

Açıqlama Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qron tərəfindən səsləndirilib. O bildirib ki, tərəflər arasında danışıqları intensivləşdirmək və sənədi razılaşdırmaq üçün siyasi iradə mövcuddur.

Xatırladaq ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlıq son illərdə genişlənib və Bakı Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır.
Bəs sənəd nələri dəyişəəcək? Rəsmi Bakının təkliflə bağlı cavabı necə ola bilər?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib, Ukraynaya isə maliyyə dəstəyini artırıb. Ukrayna həmin maliyyə vasitəsilə Avropa ölkələrindən yeni hərbi texnika alacaq. Brüssel Ukraynaya dəstəyini həm də ona görə artırıb ki, Rusiya başqa ölkələrə müdaxilə edə bilməsin. Rusiya rəsmiləri Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasından narahatdırlar: “Azərbaycan və Ermənistan son illərdə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndiriblər. Belə vəziyyətdə Rusiyadan təhlükə daha da artır və bu da Aİ-ni narahat edir. Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin imzalanmasına ehtiyac var. Həmin sazişdə əməkdaşlığın bütün sahələri yer almalıdır. ABŞ vitse-prezidenti Ceyms Vens Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə strateji əməkdaşlıq xartiyasını imzaladı. Bu Azərbaycanın Avropa İttifaqı ilə oxşar sazişin imzalanmasını aktuallaşdırır. Sazişin imzalanmasını ləngidən səbəblərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyün tələb edilməsidir. Ancaq dünyada formalaşan hazırki şərtlər daxilində bu tələbin sazişdə yer almasına ehtiyac yoxdur. Hazırda böyük dövlətlər Ümumdünya Ticarət Təşkilatıyla hesablaşmırlar. ABŞ Ümumdünya Ticarət Təşkilatı ilə hesablaşsaydı, müxtəlif dövlətlərin məhsullarına qarşı fərqli gömrük rüsumları tətbiq etməzdi. Avropa İttifaqının özü də ucuz Çin məhsullarının bazarları doldurmasından narahatdır və buna qarşı gömrük mexanizmlərinin tətbiqini planlaşdırır. Belə olan halda Azərbaycandan Ümumdünya Ticarət Təşkilatına üzv olmağı tələb etmək doğru deyil. Həmin tələb sazişdən çıxarılarsa, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin imzalanması asanlaşar”.

Politoloqun fikrincə, onu da nəzərə almaq lazımdır ki, Azərbaycandan başlanan və keçən nəqliyyat dəhlizləri Avropaya istiqamətlənib, məhsullar əsasın Avropa İttifaqı ölkələrinə daşınacaq. Azərbaycanın neft və qaz resurslarının nəql edildiyi əsas ölkələr də Avropadadır: “Bu baxımdan Maqdalena Qrononun söylədiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq müqaviləsini yekunlaşdırmağın vaxtı çatıb”.

Etibar Seyidağa,
Musavat.com

25.02.2026 22:07
1168