Ankara üçün xəbərdarlıq, yoxsa təsadüf? Türk gəmisinə hücumun pərdəarxası

Xəbər verdiyimiz kimi, mayın 28-də axşam saatlarında Qara dənizdə Türkiyə ilə bağlı ciddi insident baş verib. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə sahibkarına məxsus və Vanuatu bayrağı altında üzən yük gəmisi Ukraynanın Odessa limanından Türkiyəyə doğru hərəkətdə olarkən pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Hücum nəticəsində gəmi heyətinin üzvləri arasında yaralananların olduğu bildirilir. Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında son illərdə formalaşmış həssas siyasi, iqtisadi və enerji əməkdaşlığı fonunda belə bir insident Ankara-Moskva münasibətlərinin gələcəyi ilə bağlı yeni suallar doğurur.

Hadisə Türkiyə-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı sayıla bilərmi? Rusiya tərəfindən belə bir addımın atılmasının arxasında hansı hərbi və ya siyasi mesajlar dayana bilər?

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz mövzu ilə bağlı Musavat.com-a danışıb. General qeyd edib ki, bu hadisə təkcə bir yük gəmisinə qarşı hücum kimi deyil, Qara dənizdə müharibənin coğrafiyasının genişlənməsi və mülki dəniz nəqliyyatının artıq birbaşa risk zonasına çevrilməsi baxımından qiymətləndirilməlidir:

"Türkiyə Xarici İşlər Nazirliyi hadisədən sonra “nəzarətdən çıxan eskalasiyadan qaçmaq” çağırışı edib ki, bu da Ankaranın məsələni son dərəcə ciddi qəbul etdiyini göstərir.

Türkiyə-Rusiya münasibətlərində yeni gərginlik mərhələsi başlaya bilərmi?

Hazırkı mərhələdə bunu birbaşa Türkiyə-Rusiya böhranının başlanğıcı kimi qiymətləndirmək tezdir. Çünki Ankara və Moskva arasında enerji, təbii qaz, nüvə energetikası, turizm, ticarət və regional təhlükəsizlik sahələrində çox böyük qarşılıqlı asılılıq mövcuddur. Türkiyə NATO üzvü olsa da, Ukrayna müharibəsi boyunca Rusiya ilə dialoqu saxlayan azsaylı ölkələrdən biri olub. Taxıl dəhlizi, əsir mübadilələri və vasitəçilik təşəbbüslərində Ankara-Moskva xətti tam qırılmayıb".

General qeyd edib ki, buna görə də Türkiyə hadisəyə emosional deyil, strateji reaksiya verməyə çalışacaq:

"Ankara ilk növbədə hücumun dəqiq mənbəyini müəyyənləşdirmək, hadisənin qəsdən olub-olmadığını araşdırmaq, mülki gəmiçiliyin təhlükəsizliyi üçün əlavə mexanizmlər tələb etmək yolunu seçəcək.

Ukrayna tərəfi hücumun Rusiya dronu tərəfindən həyata keçirildiyini bildirir. Belə olarsa, bunun arxasında bir neçə mümkün mesaj görünür:

1. Odessa istiqamətində dəniz logistikasına təzyiq

Rusiya son aylarda Ukraynanın ixrac marşrutlarını hədəf alma strategiyasını gücləndirib. Bu baxımdan məqsəd Odessa limanından çıxan ticarət axınını zəiflətmək, xarici gəmi sahiblərini qorxutmaq, sığorta xərclərini artırmaq, Ukraynanın ixrac gəlirlərini azaltmaq ola bilər. Bu halda gəminin türk şirkətinə məxsus olması əsas hədəf deyil, Odessa-Türkiyə logistika xətti hədəf ola bilər.

2. Qara dənizdə “təhlükəsiz zona yoxdur” mesajı

Moskva göstərmək istəyir ki, Ukraynanın istifadə etdiyi dəniz dəhlizləri tam təhlükəsiz deyil. Xarici bayraq altında üzən gəmilər də risk altındadır. Müharibə yalnız cəbhə xəttində deyil, logistika sahəsində də davam edir. Bu, daha çox psixoloji və iqtisadi təzyiq alətidir.

3. Türkiyəyə dolayı strateji xəbərdarlıq

Son aylarda Türkiyənin Ukraynaya hərbi-texniki dəstəyi, pilotsuz sistemlər sahəsində əməkdaşlığı, NATO ilə koordinasiyasının güclənməsi Moskvada diqqətlə izlənilir. Bu səbəbdən bəzi analitiklər belə insidentləri Ankaraya verilən dolayı xəbərdarlıq kimi də qiymətləndirirlər.

Türkiyə balans siyasətini saxlamalıdır, əks halda Qara dənizdə risklər artacaq. Lakin Moskvanın birbaşa Türkiyəni hədəf almaqda maraqlı olması ehtimalı aşağı görünür. Çünki Rusiya da Türkiyə ilə münasibətlərin pozulmasının iqtisadi və geosiyasi qiymətini yaxşı bilir.

Ən mühüm nəticə budur ki, Qara dəniz artıq yalnız Rusiya-Ukrayna müharibəsinin periferiyası deyil, birbaşa qlobal ticarət və enerji nəqliyyatının risk zonasına çevrilir. Son günlər Türkiyə sahillərinə yaxın ərazilərdə tankerlərə və yük gəmilərinə qarşı dron hücumları barədə məlumatların artması bu tendensiyanı gücləndirir".

Yücel Karauz sonda bildirib ki, əgər bu cür hadisələr təkrarlanarsa, Ankara hadisəyə təkcə Türkiyə vətəndaşlarının yaralanması kimi deyil, Türkiyənin dəniz ticarəti, enerji təhlükəsizliyi və Qara dənizdəki strateji mövqeyinə yönəlmiş risk kimi yanaşmağa başlayacaq:

"Bu isə Ankara-Moskva xəttində yeni və daha həssas təhlükəsizlik gündəminin formalaşmasına səbəb ola bilər".

Xalidə Gəray
Musavat.com

30.05.2026 15:20
554