“Anbarlar boşalacaq, bir neçə aya çökəcəyik” - Bakıda İran mallarının satıldığı mağazalardan REPORTAJ

İranda dekabrın 28-dən başlayan və getdikcə daha da sərtləşən etiraz aksiyaları ölkədə ciddi ictimai-siyasi gərginlik yaradıb. Etirazlar ilk olaraq Tehranın əsas bazarında – milli valyutanın kəskin ucuzlaşmasına, qiymətlərin sürətlə artmasına etiraz edən dükan sahibləri və tələbələrin iştirakı ilə başlayıb. Qısa müddət ərzində aksiyalar ölkənin bir çox şəhərinə yayılıb. Rəsmi mənbələr susqunluq nümayiş etdirsə də, qeyri-rəsmi məlumatlara görə, iğtişaşlar zamanı ölənlərin sayı artıq 500 nəfəri ötüb. Qonşu ölkədə baş verən bu hadisələr Bakıda fəaliyyət göstərən İran və Cənubi Azərbaycan məhsulları satan mağazalara da diqqəti artırıb. Xüsusilə İran istehsalı olan ərzaqların aqibəti, qiymətlərin bahalaşıb-bahalaşmayacağı və məhsul tədarükünün davamlı olub-olmayacağı alıcıları narahat edən əsas məsələlərdəndir.

Musavat.com-un əməkdaşı vəziyyəti yerində öyrənmək üçün Bakının Nizami metro stansiyası yaxınlığında yerləşən Cənubi Azərbaycan malları satılan bir neçə mağazaya baş çəkib.

Mağazalarda alıcı sıxlığı çox olmasa da, rəflər boş deyil, məhsul çeşidi kifayət qədərdir. Satıcıların bildirdiyinə görə, hazırda məhsul gətirilməsində ciddi maneə yoxdur və anbarlarda kifayət qədər ehtiyat mövcuddur. Satıcılardan biri Musavat.com-a deyir ki, hazırkı ehtiyatlarla ən azı 6 ay alıcı tələbatını qarşılamaq mümkündür: “Hazırda anbarlarımız doludur. Bizim təxminən 6 aylıq tədarükümüz var. Buna görə də qiymət artımına getməmişik. İnsanları da başa düşürük, vəziyyət onsuz da çətindir”.

Onun sözlərinə görə, İranda vəziyyət stabilləşməzsə, əsas çətinlik bir neçə aydan sonra hiss olunacaq: “Əgər gərginlik uzun sürsə, yeni mal almaq problemə çevriləcək. O vaxt qiymətlərə də təsir edə bilər”.

951efca6-cf4c-4ae6-a9ec-0312e0a2aa12.jpg (337 KB)

Digər satıcı isə bildirir ki, hazırda ticarətdən daha çox onları narahat edən məsələ İranda qalan ailə üzvləridir. Onun sözlərinə görə, rabitə demək olar ki, tamamilə iflic vəziyyətindədir:

“Nə telefon işləyir, nə də internet. Qohumlarımızla, yaxınlarımızla əlaqə saxlaya bilmirik. Günlərlə xəbər ala bilməmək insanı çox ağır vəziyyətdə qoyur”.

Satıcı qeyd edir ki, hələlik mağazalarda qiymətlər sabit saxlanılır: “İran məhsulları satılan mağazalar hələlik qiymət qaldırmayacaq. Amma bu vəziyyət uzun çəksə, ərzaq alınması və Bakıya gətirilməsi də çətinləşəcək. Onda problem daha ciddi olacaq”.

3395e1b4-2838-4998-806c-009fd463a10f.jpg (287 KB)

Mağaza sahiblərindən biri isə söhbət zamanı həm iqtisadi, həm də insani narahatlıqlarını dilə gətirir: “32 ildir Cənubi Azərbaycandan köçüb Bakıya gəlmişəm. Yeganə dolanışıq yerim bu mağazadır. Biz siyasətçi deyilik, sadə insanlarıq. Əsas dərdimiz orada yaşayan ailəmizdir. Onlardan xəbər ala bilməmək bizi daha çox yandırır”.

Onun sözlərinə görə, mağazaların bağlanması ehtimalı belə ailələr üçün ağır zərbə olar: “Bu mağaza bağlansa, nə edəcəyimizi bilmirik. Ümidimiz Allahadır ki, gərginlik tezliklə azalacaq və normal ticarətimizi davam etdirəcəyik”.

b35881eb-a17e-4f52-85f1-b4141e255ad2.jpg (256 KB)

Mağazaya alış-veriş üçün gələn alıcılar da İranla bağlı xəbərləri diqqətlə izlədiklərini deyirlər. Onların sözlərinə görə, hazırda qiymətlər münasibdir, lakin gələcəkdə bahalaşma ehtimalı hamını düşündürür.

Satıcılar bildirirlər ki, hazırkı mərhələdə süni qıtlıq yaratmaq və ya qiymətləri qaldırmaq niyyətləri yoxdur: “Qıtlıq yaranarsa, qiymətlər də qalxar. Amma indi buna ehtiyac yoxdur. Hər şey yerindədir”.

Beləliklə, İranda baş verən hadisələr fonunda Bakıda Cənubi Azərbaycan məhsulları satılan mağazalarda vəziyyət hələlik stabildir. Məhsul boldur, qiymətlər sabit saxlanılır. Lakin satıcılar da, alıcılar da baş verənləri narahatlıqla izləyir.

Əgər gərginlik uzun müddət davam edərsə, bunun ticarətə və qiymətlərə təsiri qaçılmaz ola bilər.

6c73d302-9a32-4cef-98d4-e74d65d8758f.jpg (232 KB)b7523587-cea3-4146-9080-bd15210ddb2b (1).jpg (208 KB)

Şahanə Rəhimli
Musavat.com

13.01.2026 17:18
3528