“Ana aliment ödəməz” ifadəsi keçmişdə qalır

Sosioloq: “Ailədə məsuliyyət təkcə kişinin deyil, qadın da hüquqi öhdəlik daşıyır”

Azərbaycanda son illərdə ailə münasibətləri və məhkəmə qərarları ilə bağlı statistik göstəricilər cəmiyyətdə yeni sosial tendensiyaların formalaşdığını göstərir. Onlardan biri də aliment ödəyən qadınların sayının artmasıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə təxminən 2800 qadın aliment ödəyir. Bu rəqəm bir çoxları üçün təəccüblü səslənsə də, əslində ailə institutunda və cəmiyyətin sosial strukturunda baş verən dəyişikliklərin bariz göstəricisidir.

Rəsmi məlumatlara əsasən, alimentlə bağlı məhkəmə qərarlarının sayı son illərdə davamlı artım meyli göstərir - 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə artıq 23 327 qərar qeydə alınıb.

Bu, təkcə boşanma hallarının çoxalmasından xəbər vermir, həm də valideyn məsuliyyətinin hüquqi tənzimlənməsinin daha geniş tətbiqinə işarədir. Digər tərəfdən, bu rəqəmlər göstərir ki, Azərbaycanda ata tək uşaq böyüdən ailələrin sayı da getdikcə artır və nəticədə qadınların aliment ödəməsi halları daha çox müşahidə olunur.

Bəs aliment ödəyən qadınlar kimlərdir?

Ənənəvi olaraq Azərbaycanda aliment anlayışı “atanın uşağa ödədiyi vəsait” kimi qəbul olunub. Lakin reallıq dəyişib, qadınların da aliment ödəməsi artıq hüquqi və sosial gerçəklikdir.

Bu hallar əsasən aşağıdakı situasiyalarda baş verir:

-Məhkəmə qərarı ilə uşağın atada qalması. Bəzi boşanma proseslərində məhkəmə uşağın rifahını, təhsilini və yaşayış şəraitini nəzərə alaraq, onu atanın himayəsinə verir.

-Ananın xaricdə yaşaması və ya maddi baxımdan daha imkanlı olması. Belə hallarda məhkəmə valideynlər arasında gəlir fərqini əsas götürərək aliment öhdəliyini ananın üzərinə qoyur.

-Valideynlər arasında razılaşma əsasında. Bəzən tərəflər öz aralarında razılaşır ki, uşağın gündəlik xərclərini kim qarşılayacaq, və bu zaman qadın könüllü şəkildə aliment ödəməyə razı olur.

Beləliklə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, aliment uşağın saxlanması üçün təyin olunan vəsaitdir və onu hansı valideyn uşağı saxlamırsa, o ödəməlidir.

Hazırda alimentin minimum məbləği 246 manatdır. Uşaq kimdə qalırsa, aliment həmin valideynə ödənilir.

Əgər bir uşağa görə gəlirin dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə yarısı miqdarında tutulma tətbiq olunur. Bu, gəlirin mənbəyindən, əmək haqqı, pensiya, təqaüd və ya digər gəlir növlərindən asılı olmadan həyata keçirilə bilər.

Yəni qanun gender fərqi qoymur, alimentin kim tərəfindən ödənilməsi fərq etmir. Əsas məqsəd uşağın rifahının qorunmasıdır.

O da məlumdur ki, cəmiyyətdə bu məsələyə münasibət hələ də birmənalı deyil. Bəziləri qadının aliment ödəməsini gender bərabərliyinin təzahürü kimi qiymətləndirir, yəni ailə münasibətlərində kişi və qadın eyni hüquq və öhdəliklərə malikdir. Digər tərəfdən, bir çoxları bu vəziyyəti ənənəvi ana obrazı ilə zidd görür. Azərbaycan ailə modelində ana adətən uşağın tərbiyəçisi, emosional dayağı kimi qəbul olunur. Buna görə də “ananın aliment ödəməsi” ifadəsi hələ də ictimaiyyətin bir hissəsi üçün “adi” səslənmir. Lakin sosial dəyişikliklər bu stereotipləri tədricən aradan qaldırır.

Sosioloqların fikrincə, bu, sosial təkamülün göstəricisidir. Artıq qadınlar təkcə ailə daxilində deyil, ailədən sonra da hüquqi məsuliyyət daşıyır. Yəni “ana” və “ata” anlayışları hüquqi baxımdan eyni səviyyədə qiymətləndirilir.

Son illərdə qadınların əmək bazarında fəallığının artması, iqtisadi müstəqillik qazanması və sosial statusunun yüksəlməsi bu tendensiyanı gücləndirir. Qadın artıq yalnız ev işləri ilə məşğul olan şəxs deyil, o, ailə başçısı, gəlir sahibi, bəzən isə hüquqi öhdəlik daşıyan tərəf kimi çıxış edir.

Bu, həm də gender bərabərliyinin hüquqi praktikada öz əksini tapmasıdır. Cəmiyyətin qadına münasibətində “zəif cins” stereotipi tədricən yerini “bərabərhüquqlu tərəf” anlayışına verir.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq da qeyd edib ki, qanuna əsasən, uşaq kimdə qalırsa, yəni hansı valideynin himayəsində olursa, həmin valideynə aliment ödənilməlidir:

“Məlum olduğu kimi, emosional bağlılıq və qida təhlükəsizliyi məsələlərinə görə uşaqlar daha çox ananın yanında qalır. Buna görə də uzun illər ərzində alimenti əsasən kişilər ödəyiblər. Azərbaycanda cəmiyyət kişi mərkəzli, ənənəvi dəyərlərə əsaslandığı üçün ailənin maliyyə dayanıqlılığı və maddi təminatı əsasən kişinin üzərində olurdu. Bu səbəbdən bir qayda olaraq aliment ödəyən tərəf də kişi idi.

Eyni zamanda, kişi mərkəzli cəmiyyətin yaratdığı stereotiplər də mövcuddur: “Qadın aliment ödəməz”, “O kişi ki, qadından aliment alır, o, artıq kişi sayılmaz” və bu kimi yanaşmalar. Məhz bu səbəbdən cəmiyyətdə qadınların aliment ödəməsi faktı bəzən qəribə qarşılanır.

Lakin Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Qanun qarşısında qadın və kişi bərabərdir. Buna görə də fərq etmir, uşaq hansı valideynin yanında qalırsa, digər tərəf aliment ödəməyə borcludur. Əsas məqsəd uşağın təmin olunmasıdır. Bu baxımdan hesab edirəm ki, burada qəribə heç nə yoxdur".

Hazırladı: Xalidə Gəray

08.11.2025 12:16
933