Almaniyada Orbanın kortejini müşayiət edən polis əməkdaşı ölüb

Almaniyada Macarıstanın baş naziri Viktor Orbanın korteji ilə Ştutqart hava limanına gedən polis əməkdaşı qəzada ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, alman polisi siyasətçini motosikletlə müşayiət edirmiş. Qəzaya uğrayan polislərdən biri xəstəxanada vəfat edib.

“Viktor Orbanın polis müşayiətinin əməkdaşları Degerlox bölgəsində qəzaya düşüblər. Səlahiyyətlilərin məlumatına görə, 61 yaşlı polis zabiti o qədər ağır yaralanıb ki, xəstəxanada tezliklə keçinib”, - media yazır.

Qəzada mərhumun 27 yaşlı həmkarı da ağır bədən xəsarətləri alıb və hazırda klinikada müalicə olunur.

İlkin məlumata görə, qəzaya 69 yaşlı qadın sürücü səbəb olub və artıq kortej üçün yolun polis tərəfindən bağlandığını görmədən dönmə etmək istəyib.

Bundan sonra qadının avtomobili Orbanı müşayiət edən 61 yaşlı polisin motosikleti ilə toqquşub.

Musavat.com

 

25.06.2024 12:15
417