“Aldadıldıq, evsiz qaldıq...” – 7 ailə kömək istəyir

Bakıda mənzil mübahisəsi ilə bağlı uzun illərdir davam edən məhkəmə və icra prosesi bir qrup vətəndaşın narazılığına səbəb olub. Füzuli rayon sakini Lalə Məmmədova və daha bir neçə ailə mənzil hüquqlarının pozulduğunu iddia edərək ölkə rəhbərliyinə müraciət edib.

Musavat.com-a təqdim olunan müraciətdə qeyd edilir ki, söhbət 2004-cü ildə əldə edilmiş yaşayış sahəsi ilə bağlı yaranmış hüquqi mübahisədən gedir.

Şikayətçinin sözlərinə görə, mənzil alınarkən ona əmlakın hüquqi statusu barədə tam məlumat verilməyib. Lalə Məmmədova bildirir ki, ailəsi uzun illər zorla çıxarıldığı ərazidə yaşayıb, öz vəsaiti hesabına əlavə tikinti və təmir işləri aparıb. Onun sözlərinə görə, sonradan məlum olub ki, əmlakla bağlı sənədləşmə prosesində problemlər mövcuddur.

Şikayətçi iddia edir ki, 2012-ci ildə bina bütöv şəkildə qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilib və bu proses sakinlərin məlumatı olmadan həyata keçirilib. Nəticədə həmin ərazidə yaşayan bir neçə ailə məhkəmə çəkişmələri ilə üzləşib. Müraciətdə qeyd olunur ki, məhkəmə tərəfindən çıxarılmış qərarın icrası zamanı sakinlər yaşadıqları ərazidən çıxarılıblar. Şikayətçilər hesab edirlər ki, məhkəmə qətnaməsinin onların hüquqlarını qoruyan hissələri tam şəkildə yerinə yetirilməyib.

Lalə Məmmədovanın sözlərinə görə, qərarda sakinlərin öz vəsaitləri hesabına inşa etdikləri tikililərlə bağlı müddəalar və onların yaşayış vəziyyətinin nəzərə alınması məsələləri öz əksini tapsa da, icra zamanı bu məqamlar diqqətdən kənarda qalıb. Hazırda ailənin kirayə mənzildə yaşadığını bildirən şikayətçi bunun onların sosial vəziyyətinə ciddi təsir göstərdiyini deyir: “Hazırda ailəmlə birlikdə kirayədə yaşayıram. Aylıq kirayə və kommunal xərclər büdcəmizə ciddi yük yaradır. Azyaşlı uşaqların və yaşlı ailə üzvlərinin olması vəziyyəti daha da ağırlaşdırır. Hesab edirəm ki, əmlakın hüquqi vəziyyəti ilə bağlı düzgün məlumat verilmədiyi üçün aldadılmışam və həm maddi, həm də mənəvi zərər çəkmişəm”.

Şikayətçi əlavə edib ki, icra prosesi zamanı yaşanan hadisələrdən sonra inzibati qaydada cərimə də olunub. Lalə Məmmədova müraciətində aidiyyəti dövlət qurumlarından və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan məsələnin araşdırılmasına kömək göstərilməsini xahiş edir. O, məhkəmə qərarının tam və obyektiv icrasının təmin edilməsini, hüquqlarının bərpasını və vurulduğunu iddia etdiyi maddi-mənəvi ziyanın nəzərə alınmasını istəyir.

E.Məmmədəliyev,
Musavat.com

02.06.2026 14:01
624