“Ötən il avqustun 8-də Vaşinqtondan prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin sülh sazişi layihəsinin paraflanması, həmçinin TRIPP layihəsinin imzalanması Nikol Paşinyanın hakimiyyətdə qalmasında rol oynadı. Paşinyan bu sənədlərə imza atmasaydı, 2026-cı ilin 7 iyun parlament seçkilərində ən azından ABŞ-nin, Trampın dəstəyindən məhrum qala bilərdi”.
Bu barədə Musavat.com-a açıqlamasında professor Qabil Hüseynli bildirib.

O qeyd edib ki, 2025-ci il avqustun 8-də Ağ Evdə razılaşmalar Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişməklə yanaşı, Ermənistanın daxili siyasi proseslərinə də ciddi təsir göstərib: “ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Eyni zamanda, regionda kommunikasiyaların açılması, o cümlədən TRIPP layihəsi üzrə mühüm siyasi çərçivə formalaşdı.
2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası hakimiyyətini qorudu. Seçkidən əvvəl isə Tramp Paşinyana açıq siyasi dəstək verdi. Məhz 8 avqustdan sonra Nikol Paşinyanın Ermənistan daxilində mövqeləri möhkəmləndi, o daha arxayın formada müxalifətə, Rusiyadan gələn basqılara qarşı mübarizə apara bildi.
TRİPP layihəsinin imzalanması Paşinyanın Qərblə bağını daha da gücləndirdi. Bu sənədə imza atmış Paşinyanı ABŞ nəyin bahasına olur-olsun iqtidarda qoruyub saxlayacaqdı və qorudu. Paşinyan üçün bu dəstəyin daxili və xarici siyasi əhəmiyyəti böyük idi”.
Bəs Paşinyan Vaşinqtonda razılaşmaya imza atmasaydı necə olardı?
Professor hesab edir ki, bu halda Paşinyanın Tramp administrasiyasından 7 iyun seçkilərində açıq ciddi dəstək almaq imkanları zəifləyə, hətta aradan qalxa bilərdi: “Əgər Paşinyan həmin prosesdən geri çəkilsəydi, Trampın gözündə o, ABŞ-nin regiondakı sülh layihəsinin etibarlı tərəfdaşı olmaqdan çıxa bilər, Vaşinqtonun Ermənistan siyasəti dəyişməsə belə, Paşinyanın şəxsən Trampın siyasi dəstəyini qazanması daha çətin və mümkünsüz olardı. Bəlkə də ona alternativ axtarışları başlayardı. Belə vəziyyətdə Paşinyan Rusiya və Rusiyaya bağlı pullu müxalifət qarşısında zəif, böyük dəstəyini itirmiş duruma düşərdi. Qeyd etdiyimiz qüvvələr də bu fürsəti əldən verməyəcəkdi”.
Etibar Seyidağa,
Musavat.com