Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Yaxın Şərqi hər an nüvə və raket poliqonuna çevirə biləcək hərbi gərginliklə bağlı rəsmi Vaşinqtonun ən gizli və son qırmızı xətti ifşa olunub.
Musavat.com xəbər verir ki, ABŞ-ın dünyaca nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzetinin Ağ Evdəki mötəbər kəşfiyyat mənbələrinə istinadən yaydığı şok və eksklüziv məlumata görə, hər hansı bir ABŞ hərbçisinin həlak olacağı təqdirdə Amerika ordusu İrana qarşı rəsmən və tammiqyaslı qanlı müharibəyə başlayacaq. Nəşrin əldə etdiyi gizli məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp özünün ən yaxın köməkçiləri və hərbi məsləhətçiləri ilə keçirdiyi qapalı və tam məxfi iclasda bu ssenarinin icrasına yaşıl işıq yandırdığını bəyan edib.
Qəzet xüsusi olaraq vurğulayır ki, Ağ Ev rəhbərinin öz komandasına verdiyi bu məxfi təlimat, əslində, ABŞ-ın regionda daha böyük və idarəolunmaz bir Yaxın Şərq müharibəsindən yayınmaq üçün bəzi taktikalar seçdiyini göstərir. Tramp administrasiyası Tehranın və onun proksi qüvvələrinin törətdiyi kiçikmiqyaslı silahlı toqquşmalara, raket atışmalarına və lokal gərginliklərə həftələrlə, hətta aylarla dözməyə və göz yummağa hazırdır. Lakin Ağ Ev tərəfindən müəyyən edilmiş bu strateji səbr və kövrək atəşkəs dövrü yalnız o vaxta qədər qüvvədə qalacaq ki, bölgədəki insidentlər zamanı tək bir amerikalı hərbçinin belə burnu qanamasın. Beynəlxalq hərbi analitiklər və Pentaqon rəsmiləri Trampın bu gizli xəbərdarlığını, hərbi əməliyyatların davam etdiyi Hörmüz boğazı və ətraf rayonlarda hər an partlaya biləcək dəhşətli bir "müharibə tətiyi" kimi qiymətləndirirlər.
Musavat.com