Çinin Şərqi Elm və Texnologiya Universitetinin tədqiqatçıları yeməklərin acılıq səviyyəsini dəqiq ölçə bilən biotonq — “bioloji süni dil” yaradıb.
Musavat.com xəbər verir ki, qurğu quru süd, akril turşusu və xolin xloridindən hazırlanan xüsusi yumşaq gel materialı əsasında formalaşdırılıb.
Necə işləyir?
Süni dilin gel strukturu acı maddələrlə təmasda olduqda süd zülalları ilə kimyəvi reaksiyaya girir. Bu proses ion axınını pozur və materialın elektrik keçiriciliyini azaldır. Məhz bu dəyişiklik qurğuya məhsulun acılıq dərəcəsini dəqiq ölçmək imkanı verir.
Test nəticələri
Laboratoriya sınaqlarında biotonq 8 müxtəlif acı məhsulu analiz edib və onların hər birinə 0-dan (tam dadsız) 70-ə qədər (maksimal acılıq) bal verib.
Gələcəkdə robotlarda tətbiq olunacaq
Alimlər texnologiyanı insana bənzər robotların yeni nəsillərinə inteqrasiya etməyi planlaşdırırlar. Bu, robotların dad hissini simulyasiya etməsinə, həm qida təhlükəsizliyi, həm də aşpazlıq sahəsində daha yüksək dəqiqliklə nəzarət aparmasına şərait yaradacaq.
Musavat.com