ABŞ və İsrail İranın dağaltı nüvə mərkəzlərini çökdürə bilmir - Eyzenhauer proqramı...

Yaxın Şərqin ən mürəkkəb geosiyasi mövzularından biri olan İranın nüvə proqramı əslində çoxlarının düşündüyü kimi nə 2000-ci illərdə, nə də islam inqilabından sonra başlayıb. Bu proqramın tarixi ABŞ ilə İranın yaxın müttəfiq olduğu dövrə, ötən əsrin ortalarına gedib çıxır.

İranın nüvə proqramının təməli 1957-ci ildə ABŞ ilə imzalanmış nüvə əməkdaşlığı sazişi ilə qoyulub. Bu, ABŞ prezidenti Duayt Eyzenhauerin "Sülh naminə atom" proqramının tərkib hissəsi idi. ABŞ İran şahı Məhəmməd Rza Pəhləvinin rəhbərlik etdiyi ölkəyə nüvə texnologiyaları, tədqiqat reaktorları və zənginləşdirilmiş uran təqdim edirdi. 1967-ci ildə Tehran tədqiqat reaktoru istifadəyə verilib, 1970-ci ildə isə İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulub.

1970-ci illərdə şah hakimiyyəti İranın onlarla nüvə elektrik stansiyası tikmək planlarını açıqlamışdı. O dövrdə Vaşinqton, Paris və Bonn Tehranın nüvə proqramına dəstək verirdilər.

1979-cu ildə islam inqilabından sonra hər şey dəyişdi. ABŞ-İran münasibətləri pozuldu. Vaşinqtonun dəstəyi dayandı, Qərb şirkətləri İranı tərk etdi. Bir müddət proqram faktiki olaraq donduruldu.
Lakin 1980-ci illərin sonlarından başlayaraq İran yenidən nüvə layihələrini canlandırdı. Bu dəfə əsas tərəfdaşlar Rusiya, Çin və Pakistanla əlaqəli texniki şəbəkələr oldu.

Xüsusilə Rusiyanın köməyi ilə Buşehr Atom Elektrik Stansiyası tamamlandı.

ABŞ niyə İranın nüvə proqramını təhlükə hesab edir?

Vaşinqtonun əsas narahatlığı elektrik enerjisi istehsalı deyil. Problem uranın zənginləşdirilməsi səviyyəsidir.

Normal atom elektrik stansiyaları üçün 3-5 faiz zənginləşdirilmiş uran kifayət edir. İran isə illər ərzində bu göstəricini 20 faizdən 60 faizə qədər yüksəldib. Ekspertlər bildirirlər ki, 60 faizdən silah səviyyəsində olan 90 faizlik zənginləşdirməyə keçid texniki baxımdan daha qısa müddət tələb edir.

Məhz buna görə ABŞ və İsrail hesab edir ki, Tehran istənilən vaxt nüvə silahı istehsalına qərar verə biləcək "eşik dövləti" statusuna yaxınlaşıb.

ABŞ və İsrail ötən ilin iyununda və bu ilin fevralında İrana endirdikləri zərbələrdə niyə bu proqramı tamamilə məhv edə bilmədilər?

Bu sual hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biridir.

Burada birinci səbəb kimi obyektlərin coğrafiyası göstərilir. Fordo, Natanz və İsfahan kimi əsas obyektlərin bir hissəsi dağların altında, onlarla metr dərinlikdə yerləşir. ABŞ bunker əleyhinə ən güclü bombalardan istifadə etsə də, yeraltı komplekslərin tam məhv edilməsi ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. ABŞ administrasiyası obyektlərin "tam sıradan çıxarıldığını" bəyan etsə də, bəzi kəşfiyyat qiymətləndirmələrində proqramın sadəcə bir neçə ay və ya bir neçə il geriyə atıldığı qeyd olunur.

İkinci səbəb kimi, uranın öncədən köçürülməsi ehtimalı önə çəkilir.

2025-ci ildə yayılan kəşfiyyat məlumatlarında İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini hücumlardan əvvəl başqa məkanlara daşıdığı bildirilirdi. Əgər bu doğrudursa, obyektlərin vurulması proqramı ləngidə bilər, lakin onu tam dayandırmaz.

Üçüncü səbəb isə, nüvə proqramının yalnız binalardan ibarət olmamasıdır.

Texnologiya, alimlər, elmi bilik və sənaye infrastrukturu bombalarla tam məhv edilə bilmir. Tarix göstərir ki, bir çox ölkələr hərbi zərbələrdən sonra nüvə layihələrini yenidən bərpa edə biliblər.

İranın nüvə proqramının sıradan çıxarılmasına Rusiyanın mane olduğu yönündə iddialar da az səslənmir.
Məsələyə emosional deyil, strateji tərəfdən baxanda Rusiyanın ABŞ bombardmanlarının qarşısını hərbi yolla aldığına dair hər hansı sübut yoxdur. Bir sözlə, şimal qonşumuz İran uğrunda ABŞ-la birbaşa müharibəyə girməkdə heç zaman maraqlı görünməz.

Lakin onun dolayı yolla təsirinin olduğu istisna deyil. Rusiya İranın diplomatik təcridinin qarşısını alır, BMT Təhlükəsizlik Şurasında Tehrana müəyyən siyasi dəstək verir, iqtisadi sanksiyaların təsirini qismən zəiflədir və İranın enerji ixracı üçün alternativ bazarlar yaradır. Bu sadalananlar inkar edilmir.
Yəni Rusiyanın burada rolu hərbi deyil, daha çox geosiyasi və iqtisadi xarakter daşıyır.

Onu da qeyd edək ki, Amerika prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı həm 2025-ci ildə, həm də 2026-cı ildə səsləndirdiyi əsas fikir dəyişməz qalıb: “İran nüvə silahına sahib ola bilməz”.

O, dəfələrlə bildirib ki, İranın uranı zənginləşdirməsinə imkan verilməyəcək və Tehran nüvə silahına aparan bütün yollardan məhrum edilməlidir. Son açıqlamalarında da İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının ABŞ siyasətinin əsas prioriteti olduğunu vurğulayıb.

Son günlər yayılan məlumatlara görə, Tramp administrasiyası İranla mümkün razılaşmanın əsas şərti kimi zənginləşdirilmiş uranın təhvil verilməsini və nüvə proqramına ciddi məhdudiyyətləri irəli sürür.
Amma əvəzində İran geri çəkilmir. Çünki məsələ artıq təkcə nüvə texnologiyası deyil.

İran rəhbərliyi üçün nüvə proqramı milli qürur məsələsinə çevrilib. Rejim düşünür ki, bu məsələ regional güc statusunun simvoludur. Hətta bu, rejimin təhlükəsizlik təminatı kimi də dəyərləndirilir. Bir sözlə, ABŞ təzyiqlərinə boyun əyməməyin göstəricisi sayılır.

Tehran hesab edir ki, nüvə proqramından imtina etmək onun geosiyasi çəkisini ciddi şəkildə azaldacaq.
Hazırkı mənzərə göstərir ki, tərəflərin əsas mövqeləri hələ də uzlaşmır.

ABŞ və İsrail "sıfır zənginləşdirmə"yə yaxın model istəyirlər. İran isə ən azı mülki məqsədlərlə uran zənginləşdirmək hüququndan imtina etməyəcəyini bildirir.

Məhz bu səbəbdən qarşıdakı dövrdə tammiqyaslı müharibə olmasa belə, nüvə proqramı ətrafında siyasi, iqtisadi və hərbi təzyiqlərin davam edəcəyi ehtimalı yüksəkdir. Hazırda Vaşinqton və Tehran arasında yeni razılaşma cəhdləri getsə də, əsas mübahisə yenə eyni nöqtədədir.

İran uranı zənginləşdirə biləcəkmi?

Nəticə etibarilə, İranın nüvə proqramı artıq sadəcə texnoloji layihə deyil. Bu proqram ABŞ-İran qarşıdurmasının, Yaxın Şərqdə qüvvələr balansının və böyük dövlətlərin geosiyasi rəqabətinin mərkəzinə çevrilib. Ona görə də Tehran geri çəkilmədikcə, Vaşinqton da təzyiqlərdən əl çəkmədikcə, nüvə dosyesi bölgədə gərginliyin əsas mənbələrindən biri olaraq qalacaq.

Cavanşir Abbaslı
Musavat.com

 

01.06.2026 19:33
1283