ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranla bağlı məlumatları Milli Kəşfiyyat Direktorunun Ofisi ilə paylaşmağı dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters mənbələrə istinadən yayıb: "Səlahiyyət və kəşfiyyat paylaşımı ilə bağlı fikir ayrılıqları fonunda MKİ bəzi kəşfiyyat qiymətləndirmələrinə, o cümlədən İrana qarşı müharibə ilə bağlı qiymətləndirmələrə töhfə verməyi dayandırıb" .
Bildirilir ki, MKİ ilə Milli Kəşfiyyat Direktorunun Ofisi arasında bir ildən çoxdur davam edən münaqişə "ABŞ prezidentlərinin uzun müddət etibar etdiyi milli təhlükəsizlik təhlilinin koordinasiyasında pozuntuya səbəb olub".
Reuters mənbələri qeyd edir ki, MKİ və Milli Kəşfiyyat Direktorunun Ofisi "indi əsasən ayrı-ayrı fəaliyyət göstərir". Agentliyin məlumatına görə, iki qurum arasındakı münaqişə ötən ilin fevral ayında başlayıb. Milli Kəşfiyyat Direktorunun Ofisinin sözçüsü Oliviya Koulman agentliyə bildirib ki, ABŞ administrasiyası "ən yaxşı kəşfiyyat və təhlilləri almağa davam edir". Onun sözlərinə görə, Milli Kəşfiyyat Direktorunun Ofisi "MKİ-dəki həmkarları ilə bütün məsələlər üzrə əlaqə saxlayır və əməkdaşlıq edir".
Mayın 22-də Axios qəzeti istefasını elan edən ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın MKİ ilə pərdəarxası münaqişəyə qarışdığını və bu münaqişənin Senatın Vətən Təhlükəsizliyi və Hökumət İslahatı Komitəsinin dinləməsində açıqlandığını bildirib. "The Washington Post" qəzeti isə Donald Trampın hazırkı prezidentlik müddəti ərzində MKİ ilə Milli Kəşfiyyat Direktoru Ofisi arasında "ciddi qarşıdurma" olduğunu qeyd edib. Mayın 13-də komitə qarşısında keçirilən dinləmədə MKİ zabiti Ceyms Erdman ifadəsində bildirib ki, MKİ Milli Kəşfiyyat Direktoru Ofisinin nəzarətinə mane olub, sənədləri və məlumatları ondan gizlədib və Qabbard tərəfindən yaradılan xüsusi qrup olan Direktorun Təşəbbüs Qrupu (DIG) üzvlərinin rabitə və kompüter fəaliyyətlərini izləyib.
Musavat.com