ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex-ə qarşı sanksiyalar tətbiq edib.
Musavat.com nazirliyin saytında dərc olunmuş mətbuat açıqlamasına istinadən xəbər verir ki, birja İranın gizli maliyyə əməliyyatlarının əsas təşkilatçısı olub: "Nobitex 2025-ci ildə İrana daxil olan bütün rəqəmsal aktivlərin 50 faizindən çoxunu emal etməklə və İranın terror fəaliyyətləri, sanksiyalardan yayınma səyləri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli əməliyyatlarla bağlı ödənişləri asanlaşdırmaqla rejimə əhəmiyyətli dəstək göstərib".
Sanksiyalar siyahısına Nobitex-in sədri, həmtəsisçisi və keçmiş baş direktoru da daxildir.
ABŞ Maliyyə Nazirliyi həmçinin İranın digər kriptovalyuta birjalarına: Wallex, Bitpin və Ramzinex-ə də sanksiyalar tətbiq edib: "İran iqtisadiyyatı tədricən çökərkən, rejim sanksiyalardan yayınmaq və sərvəti ölkədən çıxarmaq da daxil olmaqla, öz korrupsiya məqsədləri üçün rəqəmsal aktiv texnologiyasından istifadə etməyi seçib. İrandakı mövcud iqtisadi xaos Prezident Trampın maksimum təzyiq kampaniyasının uğur qazandığının sübutudur", - deyə ABŞ Maliyyə Naziri Skott Bessent mətbuat açıqlamasında bildirib.
Qeyd edək ki, son illərdə İran sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan geniş istifadə edirdi.
Musavat.com