ABŞ-dən “Türk axını”na zərbə

Rusiya qazını Serbiya vasitəsilə Bosniya və Herseqovinaya tədarük edən qaz kəmərinə alternativ yaradılır

Bosniya və Herseqovina Federasiyası hökuməti ölkəni Xorvatiya ilə birləşdirən “Southern Interconnection” qaz boru kəmərinin tikintisini əhatə edən ABŞ-nin “AAFS Infrastructure and Energy” şirkətinin niyyət məktubunu rəsmi olaraq qəbul edib.

Bosniya mətbuatının yaydığı məlumata görə, yeni boru kəmərinin Bosniya və Herseqovinanı Xorvatiyanın Krk adasındakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalına birləşdirməsi və bununla da Rusiya qazını Serbiya vasitəsilə Bosniya və Herseqovinaya tədarük edən “Türk axını” boru kəmərinə alternativ yaratması gözlənilir. Bosniya və Herseqovinanın hazırda alternativ qaz mənbələri yoxdur. Layihənin 200 milyon dollara başa gələcəyi təxmin edilir.

Ölkənin Energetika Nazirliyinin rəhbəri Vedran Lakiç bildirib ki, hazırda Bosniya və Herseqovina Federasiyası təbii qazı yalnız bir istiqamətdən və bir mənbədən alır: “Bu, xüsusilə qış aylarında ciddi bir riskdir. Cənub İnterkonnektoru mənbələri və təchizat marşrutlarını şaxələndirməyə, təhlükəsizliyi artırmağa və daha sabit enerji sistemi yaratmağa imkan verən strateji bir layihədir”.

Avropa İttifaqının “Türk axını”na ehtiyacı var - "İki sahil"
Qeyd edək ki, Cənub İnterkonnektorunun tikintisi ilə bağlı danışıqlar ötən il Donald Trampın Ağ Evə qayıtmasından sonra intensivləşib. Bosniya və Herseqovinadakı ABŞ səfirliyi danışıqlarda iştirak edir. Dekabrın əvvəlində diplomatik missiyanın rəhbəri Con Ginkel Bosniya və Herseqovinanın hakim koalisiya hökumətinin liderləri ilə görüşdüyünü açıqlayıb. Onun sözlərinə görə, tikintiyə 2026-cı ildə başlamaq planlaşdırılır.

“Türk axını” Rusiya ilə Türkiyəni birləşdirən ixrac qaz boru kəməridir. O, Qara dənizin dibi ilə uzanır. 2020-ci ilin yanvar ayında istismara verilən bu kəmər, biri Türkiyəyə, digəri isə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarük edən iki xətdən ibarətdir. Hər xəttin illik ötürmə gücü 15,75 milyard kubmetrdir.

Ötən ilin yanvarından Ukrayna Rusiya qazının tranzitindən tam imtina etdikdən sonra “Türk axını” Rusiyada Avropaya qaz nəql edən yeganə boru xəttidir. Ötən il bu xətlə nəql kəskin artıb.

Avropa qaz ötürmə operatorlarının məlumatlarına əsasən, 2025-ci ildə “Türk axını”nın Avropa xətti ilə nəql illik müqayisədə 8 faiz artaraq 18,06 milyard kubmetrə çatıb. Xüsusilə dekabr ayında tədarükdə əhəmiyyətli artım qeydə alınıb - 2024-cü ilin dekabr ayı ilə müqayisədə 14 faiz artaraq 1,735 milyard kubmetrə çatıb. Boru kəmərinin tutumundan 99 faiz istifadə olunub.

Nəql artımı yanvar ayında da davam edib. “Türk axını” ilə Rusiya qazının tədarükü ayın 20-dək illik müqayisədə 10 faiz artaraq 993 milyon kubmetrə çatıb. Dövr ərzində orta gündəlik həcm 55,2 milyon kubmetr təşkil edib, bu da boru kəmərinin tarixində ən yüksək səviyyələrdən biridir. Həcmin artmasına səbəb olan əsas amil şaxtalı hava şəraitində Avropadakı yeraltı anbarlardan qazın sürətlə çıxarılması olub. Bundan əlavə, spot qiymətlərinin artması bazara əlavə təzyiq göstərib. Belə ki, yanvar ayının ortalarında Hollandiyadakı TTF mərkəzində qazın qiyməti 2025-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 450 dolları keçib.

Mütəxəssislər istilik mövsümünün sonuna qədər “Turk axını” vasitəsilə gündəlik tədarükün 50 milyon kubmetri keçəcəyini gözləyirlər. Lakin 2026-cı ilin sonuna qədər infrastruktur məhdudiyyətləri və Aİ-nin Rusiya qazının idxalını tam dayandırmaq siyasəti səbəbindən ümumi tədarükün17-19 milyard kubmetr diapazonunda qalacağı ehtimal olunur.

Hazırda “Türk axını” ilə ən çox qazı Macarıstan alır. 2025-ci ildə ölkə bu kəmərlə Rusiyadan 8 milyard kubmetrdən çox qaz alıb. Lakin bu alışların 2027-ci ildən tam dayandırılması gözlənilir. Buna Avropa İttifaqına Rusiya qazının idxalının tam qadağan olunması səbəb olacaq.

Aİ-nin yanvarın 26-da qəbul etdiyi qərara əsasənRusiya mayeləşdirilmiş təbii qazının tədarükünə tam qadağa 2027-ci ilin əvvəlindən, boru kəməri qazının tədarükünə isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minəcək.

Qeyd edək ki, qərar layihəsi 2025-ci il dekabrın əvvəlində təqdim edilib. Sənədə əsasən, istisna hallarda, Aİ üzvləri, anbarları tələb olunan doldurma səviyyəsindən aşağı olduqda, Rusiya qazından istifadə müddətini 2027-ci il oktyabrın 31-dək uzada biləcəklər.

Aİ Şurasının məlumatına görə, 2027-ci ildən etibarən Rusiya qazının idxalına qoyulan qadağanı pozan Avropa şirkətləri müqavilə dəyərinin 300 faizədək Avropa Komissiyasına cərimə ödəyəcəklər.

Macarıstan hökuməti qərarın onların və Slovakiyanın etirazları nəzərə alınmadan qəbul edildiyinə görə rəsmi qüvvəyə minən kimi onun ləğvi üçün məhkəmə iddiası qaldıracaqlarını açıqlayıb. Bu iddianın nə qədər uğurla nəticələnəcəyi məlum deyil, çünki Avropa Komissiyası Macarıstan və Slovakiyanın məhkəmə təhdidlərini əvvəlcədən bilirdi, qərarın qəbulunda bu amil nəzərə alınmaması real görünmür.

Bütün etirazlara baxmayaraq, Macarıstanda da Rusiyadan nisbətən ucuz qazın daimi olmayacağını qəbul edirlər. Hakimiyyətin bu perspektivə hazırlıqlıqları 2023-cü ildən başlanıb.

Həmin il Qətərlə imzalanmış sazişə əsasən Macarıstan 2027-ci ildən başlayaraq Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. İki ölkənin şirkətləri artıq təchizat həcmlərini və marşrutlarını müzakirə edirlər. Razılaşma Macarıstanın Xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyartonun Qətərə rəsmi səfəri zamanı əldə edilib.

Eyni zamanda həmin il Macarıstan Azərbaycandan da qaz alışına başlayıb. 2025-ci ilin dekabrında Macarıstanın MOL şirkəti ilə SOCAR arasında qaz alqı-satqısına dair müqavilə yenilənib.

Eyni zamanda dekabrda Macarıstan ABŞ ilə ildə 400 milyon kubmetr Amerika mayeləşdirilmiş təbii qazı (LNG) almaq üçün beş illik müqavilə imzalayıb. Siyarto müqaviləni "ABŞ-Macarıstan enerji əməkdaşlığında mühüm mərhələ" adlandırıb: "Bu o deməkdir ki, Macarıstan növbəti beş il ərzində 2 milyard kubmetr Amerika LNG alacaq. Biz enerji resurslarını mümkün qədər çox satıcıdan, mümkün qədər çox marşrut üzrə və buna görə də ən yaxşı qiymətə almaqda maraqlıyıq."

2025-ci ilin sentyabrında Peter Siyarto bəyan edib ki, Qərb istiqamətindən irihəcmli qaz alışına dair razılaşma əldə edilib. Bu razılaşmanın da maye qaz alışını əhatə etdiyi ehtimal olunur.
Hələ 20230cü ildə Macarıstanı Rumıniya ilə birləşdirən interkonnektorun illik ötürmə gücü 2,5 milyard kubmetrə çatdırılıb. Bu da Azərbaycan da daxil olmaqla alternativ mənbələrdən daha artıq həcmdə qaz almağa imkan yaradır.

Türkiyəyə gəlincə, ölkə ildə 17-18 milyard kubmetr qazın tranzit haqqından əldə olunan gəlirdən məhrum olacaq. Bu məsələdə təsəlliverici məqam bundan ibarətdir ki, Türk axını tamamilə Rusiyanın hesabına çəkilib. Bu baxımdan, kəmər boş qalsa belə, Türkiyənin bundan itkisi yalnız gələcək tranzit haqqı məbləğlərini əhatə edəcək.

Yeri gəlmişkən, Türkiyə özü də Rusiya qazından asılılığı azaltmaq istiqamətində ciddi addımlar atır. Son 3 ildə Rusiya qazının Türkiyə istehlakında payı 45 faizdən 30 faizə qədər azaldılıb.

2026-cı ildə bu göstəricinin daha da aşağı düşəcəyi gözlənilir. Çünki Türkiyə ABŞ başda olmaqla Qərb şirkətləri və Şərq ölkələri ilə maye qaz alışına dair irihəcmli müqavilələr imzalayıb. Eyni zamanda Azərbaycanın Abşeron yatağından ikinci mərhələdə çıxarılacaq qazın yarısının - ildə 2,5 milyard kubmetrinin alınmasına dair SOCAR-la 2040-cı ilədək dövrü əhatə edən müqavilə imzalanıb.

Dünya SAKİT,
Musavat.com 

27.01.2026 17:23
2037