ABŞ blokadası regionu silkələyir - bazarda bahalaşma başlayacaq

Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ-ın CENTCOM vasitəsilə İrana qarşı tətbiq etdiyi dəniz blokadası regionda yeni iqtisadi risklər yaradıb. Rəsmi məlumatlara görə, İranın dəniz yolu ilə ticarəti faktiki olaraq iflic vəziyyətinə düşüb və bu, təkcə ölkə daxilində deyil, bütövlükdə regionda ticarət axınlarına təsir edə biləcək ciddi hadisə kimi qiymətləndirilir. Belə bir şəraitdə əsas suallar ön plana çıxır: bu blokada qonşu ölkələrin ticarətinə necə təsir göstərəcək? Azərbaycanın iqtisadi maraqları üçün hansı risklər və ya fürsətlər yarana bilər?

Fon isə artıq bazarlarda hiss olunur — qlobal enerji bazarları reaksiyasını verib və neft qiymətləri kəskin artım nümayiş etdirib: “Brent” markalı neft 95 dolları, “WTI” isə 87 dolları keçib.

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycan-İran ticarətinin böyük hissəsi quru marşrutları ilə həyata keçirilir: “İrandan gələn TIR-lar Astara, Biləsuvar və Culfa keçid məntəqələrindən Azərbaycana daxil olur. Bu marşrutlar vasitəsilə xüsusilə, kənd təsərrüfatı məhsulları, tikinti materialları, kiçik və orta həcmli ticarət həyata keçirilir. Həmçinin də, son illərdə Bakı-Astara-Rəşt dəmir yolu vasitəsilə yük daşımaları daha səmərəli alternativə çevrilib. Ümumi ticarətdə payı çox az olsa da, İran və Azərbaycan arasında dəniz yolu ilə konteyner və ümumi yük daşımaları da mövcuddur. Hörmüz boğazı isə ümumiyyətlə Azərbaycan-İran dəniz ticarətinin marşrutu deyil, bu səbəbdən boğazın blokadasının Azərbaycana birbaşa təsirləri yoxdur. Ancaq dolayı təsirlər əlbəttə var.

İranın beynəlxalq ticarətinin böyük hissəsi Fars körfəzi limanları vasitəsilə, məhz Hörmüzdən keçərək gerçəkləşir. Əgər bu marşrut tam bağlanarsa İran xaricdən mal ala bilməyəcək. Nəticədə, İranın daxili bazarında qıtlıq yaranacaq, daxili qiymətləri artacaq, ixrac potensialı azalacaq. Bu isə, Azərbaycanın İrandan idxal etdiyi malların həcminin azalması və bu məhsullarda ciddi bahalaşma deməkdir. Belə bir vəziyyətdə, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərindən alternativlər önə çıxır. İran artıq dəniz vasitəsilə həyata keçirə bilmədiyi ticarəti Gürcüstan, Türkiyə və Mərkəzi Asiya üzərindən keçən quru marşrutlarla həyata keçirməyə çalışır. Belə olan halda da, keçidlərdə yüklənmələr artır, logistika xərcləri yüksəlir. Transaksiya xərclərinin artması da öz növbəsində, ticarət həcminin azalması və qiymətlərin yüksəlməsi deməkdir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan-İran ticari münasibətlərində Azərbaycan əsasən istehlakçı bazardır, İran isə təchizatçıdır: “Rəqəmlərlə baxsaq, 2025-ci ildə Azərbaycan-İran arasında ümumi ticarət dövriyyəsi təxminən 644 milyon dollar təşkil edib. Bu rəqəmin təxminən 97%-i idxal, 3%-i ixracın payına düşür. İdxalın ~45-50%-ni sənaye xammalı və materiallar, ~25-30%-ni qida və kənd təsərrüfatı, ~20-25%-ni yüngül sənaye və istehlak malları təşkil edir. Əgər İranın dəniz ticarəti dayanarsa ixrac potensialı da azalacaq. Bu isə qeyd olunan sektorların 20-40% azalmasına gətirib çıxara bilər. Bu səbəbdən, plastik və tikinti materiallarında və bəzi qida məhsullarında inflyasiya riski yüksəkdir”.

Neft qiymətlərinə gəlincə, Vüsalə Əhmədova bildirib ki, hazırda enerji daşıyıcılarının qiymətlərini iqtisadiyyat yox, risk və müharibə ehtimalları müəyyən edir: “Qiymətlər bir müddət barel üçün 90-100 dollar səviyyəsində qala bilər. Gərginlik uzanarsa 110-130 dollar səviyyəsinə yüksəlmə ehtimalı da var. Neft bazarı hazırda fundamental deyil, geopolitik bazardır demək olar”.

Afaq Mirayiq,
Musavat.com

21.04.2026 00:51
1303