ABŞ Assancın ekstradisiyasını tələb etməyəcək, çünki...

İyunun 26-da Saypan adasında (Şimali Mariana adaları, ABŞ ərazisi) keçirilən dinləmədə hakim jurnalistlə ABŞ Ədliyyə Nazirliyi arasında müqavilə imzalandıqdan sonra “WikiLeaks”in yaradıcısı Culian Assanc azadlığa buraxılacaq.

Musavat.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə jurnalistin həyat yoldaşı məlumat verib.

Bildirib ki, hakim sabah müqaviləni imzalayan kimi o, azad adam olacaq.

ABC telekanalı adanın hökumətinə istinadən həmin gün Assancın Saypan adasında məhkəmə qarşısına çıxacağını bildirib.

Culian Assancın ittihamların bir hissəsini qəbul edə biləcəyi məhkəmə iclası səhər saatlarında baş tutacaq. Assancın ABŞ-yə getməkdən imtina etməsi və Avstraliyaya yaxın olması səbəbindən dinləmələrin Şimali Mariana adalarında keçiriləcəyi qeyd edilib.

Culian Assanc ABŞ prokurorluğu ilə razılaşmanın bir hissəsi olaraq ona qarşı irəli sürülən ittihamların bir hissəsini qəbul etmək niyyətindədir, əvəzində Amerika onun ekstradisiyasını tələb etməyəcək və o, vətəni Avstraliyaya qayıda biləcək. Assanca 62 ay həbs cəzası veriləcək ki, bu da Britaniya həbsxanasında keçirdiyi vaxt nəzərə alınmaqla onun azadlığa çıxması demək olacaq.

Politoloq Vyaçeslav Belyakov “İzvestiya”ya deyib ki, Assanc azad olunarsa, məxfi sənədlərin mənbələri ilə bağlı məlumatları ABŞ hökumətinə ötürə bilər. Söhbət bu və ya digər şəkildə “WikiLeaks”ə məxfi sənədlər sızdıran şəxslərin adlarının və əlaqələrinin açıqlanmasından gedir. Eyni zamanda, Belyakov sövdələşmənin ABŞ-nin hazırkı siyasi rəhbərliyinin intriqalarının nəticəsi olduğuna inanmır. Onun sözlərinə görə, bu, daha çox kəşfiyyat oyunudur.

Qeyd edək ki, jurnalist Böyük Britaniyada həbsdə idi. Birləşmiş Ştatlar onu Casusluq Aktını pozmaq və məxfi məlumatları açıqlamaq da daxil olmaqla, 18 maddə ilə ittiham edib. Assancı 175 il həbs cəzası gözləyirdi.

2012-ci ildən İsveçdə cinsi təcavüz və zorlamada ittiham olunan Culian Assanc ABŞ-yə ekstradisiya ilə üzləşdikdən sonra Ekvadorun Londondakı səfirliyində gizlənib. 7 il sonra Ekvador diplomatik nümayəndəliyi jurnalisti Britaniya hakimiyyət orqanlarına təhvil verib.

Nigar HƏSƏNLİ,
Musavat.com

25.06.2024 13:06
488