İsrailin işğal altındakı Qərb Şəriyəsində yerləşən Gush Etzion Regional Şurası ilk dəfə olaraq icma daxilində 5 yaşından kiçik qızlara qarşı ritual xarakterli cinsi istismar hallarının mövcudluğunu etiraf edib.
Musavat.com xəbər verir ki, bu bəyanat İsrail mediasında yayımlanan və yüksək vəzifəli şəxslərin adlarının hallandığı qalmaqallı açıqlamalardan sonra verilib. Beləliklə, ilk dəfə olaraq İsraildəki sionist məskun icması daxilində fəaliyyət göstərən bir qrupun uşaqlara qarşı mütəşəkkil zorakılıq cinayətlərində iştirak etdiyi açıq şəkildə gündəmə gətirilib.
Məsələ İsrailin ictimai yayımçısı olan Kanal 11-də yayımlanan “Zman Emet” proqramından sonra geniş rezonans doğurub. Verilişdə uşaqlıq dövründə ritual cinsi istismara məruz qaldığını bildirən qadınların ifadələri təqdim olunub.
Zərərçəkənlər eyni bölgələrdə bir neçə nəfər tərəfindən həyata keçirildiyi iddia olunan zorakılıq hallarını təsvir edib. Onların sözlərinə görə, söhbət ayrı-ayrı hadisələrdən deyil, mütəşəkkil şəkildə fəaliyyət göstərən şəbəkədən gedir.
Uşaqlıqda cinsi istismara məruz qaldığını bildirən Yael Ariel 5 yaşından yeniyetməlik dövrünə qədər zorakılığa məruz qaldığını deyib. O bildirib ki, həmin dövrdə digər uşaqlara qarşı zorakılıq etməyə də məcbur edilib.
Arielin sözlərinə görə, o, bu işlərdə həkimlərin, müəllimlərin, polis əməkdaşlarının və parlament üzvlərinin iştirak etdiyini iddia edən qadınların ifadələrini toplayıb.
Digər zərərçəkən Şitrit isə zorakılığın 3 yaşında başladığını bildirib. O, baş verənləri “insan beyninin qəbul etməkdə çətinlik çəkəcəyi hadisələr” kimi xarakterizə edib və yüksək vəzifəli şəxslərin bu prosesdə iştirak etdiyini iddia edib.
Məxfi ifadə verən başqa bir qadın isə 11 yaşından etibarən zorakılığa məruz qaldığını, 14 yaşında isə sadist klublara aparıldığını deyib. Onun sözlərinə görə, həmin məkanlar tanınmış şəxslər tərəfindən idarə olunurdu.
Verilişdə heyvan qurbanları ilə müşayiət olunan ritual xarakterli mərasimlərdən də bəhs edilib. Zərərçəkənlərdən biri hadisələri polisə bildirdiyini, lakin “kifayət qədər sübut olmadığı” səbəbindən işin iki dəfə bağlandığını açıqlayıb.
Qeyri-hökumət təşkilatı rəhbəri Dr. Naama Qoldberq də illər əvvəl oxşar şikayətlər aldıqlarını təsdiqləyib. Onun sözlərinə görə, 5 qadının yazılı ifadəsi polisə təqdim olunsa da, məsələ ilə bağlı daha sonra heç bir əlaqə yaradılmayıb.
İsrail polisi isə bütün şikayətlərin milli bölmə tərəfindən araşdırıldığını və məsələnin kəşfiyyat idarəsi üçün prioritet hesab olunduğunu açıqlayıb.
Musavat.com