28 May – Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirildi

Slovakiyanın paytaxtı Bratislavada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycanın Slovakiyadakı səfirliyinin və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak, Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba, investisiyalar, regional inkişaf və informasiyalaşdırma naziri Riçard Raşi, Mədəniyyət Nazirliyinin dövlət katibi Mario Muraşka, bu ölkənin parlamentinin üzvləri, Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının məsul əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, yerli ictimaiyyətin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Vüsal Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində irqindən, cinsindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, bütün insanlara ilk dəfə səsvermə hüququ vermiş, bir çox Qərb ölkələrindən əvvəl qadınlara bərabər seçki hüququnu təmin etmiş dünyəvi, demokratik parlamentli ölkə olduğunu xüsusi vurğulayıb.

Diplomat Azərbaycan dövlətçiliyinin 1991-ci ildə bərpa olunmasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş əsaslı islahatların, onun layiqli varisi Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasi kurs nəticəsində müstəqilliyimizin və suverenliyimizin möhkəmləndiyini, ölkəmizin regional, beynəlxalq sülhə və təhlükəsizliyə, iqtisadi inkişafa və mədəniyyətlərarası dialoqa töhfəsini verdiyini bildirib.

V.Abdullayev 30 illik erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində aparılan geniş bərpa-quruculuq işlərində Slovakiya şirkətinin də iştirak etdiyini bildirib. O, bu ilin noyabrında ölkəmizin COP29-a ev sahibliyi edəcəyini xatırladıb.

Ötən il Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlərin qurulmasının 30-ci ildönümünün qeyd olunduğunu bildirən səfir bu müddətdə dövlətlərarası əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. O, Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 6-7-də ölkəmizə rəsmi səfəri zamanı müvafiq bəyannamənin imzalanması ilə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusilə qeyd edib.

Tədbirdə fəxri qonaq qismində çıxışı zamanı Slovakiya Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ikitərəfli münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Nazir bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfərinin uğurla keçirdiyini vurğulayıb, rəsmi Bratislavanın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, xüsusilə energetika sahəsində, o cümlədən Azərbaycan təbii qazının Slovakiyaya təchizatı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları Slovakiyanın ən böyük konqres və sərgi mərkəzinin - “İnheba”nın rəhbəri Aleksander Rozinin müəllifi olduğu, Bakı şəhərinin görkəmli yerlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonda ziyafət verilib. Ziyafətdə təqdim edilən milli mətbəximizin nümunələri, Azərbaycan istehsalı olan içkilər, habelə Üzeyir Hacıbəylinin səsləndirilən əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.//AZƏRTAC

12.06.2024 19:33
240