Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində ölkəmiz Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşuna 38,9 milyon dollar yatırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% artım deməkdir. Bu artıma baxmayaraq, Rusiyanın Azərbaycanın ümumi xarici investisiyalarında payı 2%-dən 1,9%-ə düşüb ki, bu da investisiya vektorlarının diversifikasiyasını əks etdirir.
Eyni zamanda Rusiya investisiyalarının Azərbaycan iqtisadiyyatına qoyuluşu təsirli artım nümayiş etdirib: ilk doqquz ay ərzində bu, 85,1% artımla 181,2 milyon dollar təşkil edib və ölkəyə qoyulan ümumi xarici investisiyalarda payı 2,2%-dən 3,8%-ə yüksəlib. Azərbaycandan xaricə qoyulan birbaşa investisiyaların ümumi axını əvvəlki illə müqayisədə 47,6% artımla 2,04 milyard dollara çatıb. Ölkəyə birbaşa xarici investisiyaların axını isə 4,52 milyard dollar təşkil edib ki, bu da orta hesabla 4,7% artım deməkdir.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat” a bildirdi ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.5% təşkil edib. Professorun sözlərinə görə, ölkənin qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 9.0% artaraq 1 019.4 milyon dollar olub: “Cari ilin 9 ayı ərzində Azərbaycandan xaricə 2 milyard 38 milyon dollar investisiya yatırılıb ki, bunun da 542,6 milyon dolları İsrailə, 289,0 milyon dolları Türkiyəyə, 250,0 milyon dolları Birləşmiş Ərəb Əmirliklərinə, 176,0 milyon dolları Birləşmiş Krallığa, 118,0 milyon dolları isə İtaliyaya yatırılan investisiyalar təşkil edir. İsrailə yatırılan investisiyalar əsasən Aralıq dənizində yerləşən "Tamar" layihəsi ilə bağlıdır. Ölkə iqtisadiyyatına yatırımların səviyyəsini qiymətləndirmək üçün bu sahədəki göstəricilərin bəzi dost olan ölkələrin eyni göstəriciləri ilə müqayisələrin aparılması heç də pis olmazdı. Cari ilin 9 ayı ərzində Qazaxıstan iqtisadiyyatına xarici investisiyaların həcmi 10,1 milyard dollar təşkil edib, Özbəkistan iqtisadiyyatına isə14,4 milyard dollar xarici kapital yatırılıb. Hesabat dövründə Azərbaycan iqtisadiyyatına yatırılmış 4,7 milyard dollar xarici investisiyanın 3,7 milyard dollarını neft və qaz sektoruna yatırımlar təşkil edir. Real sektora yatırımlar isə cəmi 1,0 milyard dollardan bir qədər çox olub. Təbii ki, bu çox azdır. Bu gün iqtisadiyyatımızın real sektorunun bundan on dəfələrlə çox xarici investisiyalara ehtiyacı var. Hökumət bu istiqamətdə səylərini ciddi şəkildə artırmalı və xarici investisiyaların Azərbaycana gəlməsinə əngəl törədən bütün problemlərin ən qısa zaman kəsiyində aradan qaldırılmasına nail olmalıdır”.

Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov vurğuladı ki, Azərbaycana investisiya yatıran ölkələr arasında Böyük Britaniya yenə də birinci yerdədir: “2025-ci il hələ bitməsə də, ölkəmizə yatırılan, eyni zamanda ölkəmizin yatırdığı investisiya həcmləri ilə bağlı ilin 3/4 hissəsinə dair statistik göstəricilər artıq açıqlanıb. Bu göstəricilər əsasında Rusiya, Böyük Britaniya, Türkiyə və digər ölkələrlə qarşılıqlı investisiya fəaliyyətinə dair ümumi mənzərə formalaşıb. Münasibətləri nəzərə alaraq, həm Rusiyanın Azərbaycana, həm də Azərbaycanın Rusiyaya yatırdığı investisiya həcmlərində bu il artım olub. Ölkə baxımından, təbii ki, birbaşa investisiyalar üzrə Rusiyanın Azərbaycana yatırdığı sərmayə həcmi daha yüksəkdir. Belə ki, 2025-ci ilin ilk 9 ayı ərzində Rusiya tərəfindən ölkəmizə 180 milyon ABŞ dollarından çox investisiya yatırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə, daha dəqiq desək, təxminən 85% artım deməkdir. Azərbaycanın Rusiyaya yatırdığı investisiyalara gəldikdə isə, 2025-ci ilin 9 ayı ərzində bu rəqəm 42% artaraq 39 milyon ABŞ dollarına çatıb. Bununla belə, Rusiya Azərbaycana yatırılan ümumi xarici investisiyaların həcmi baxımından nə birinci, nə də sonuncu yerdə qərarlaşıb. Uzun illərdir Azərbaycana yatırılan investisiya həcminə görə Böyük Britaniya yenə də birinci yerdədir. Belə ki, ötən 9 ay ərzində ölkəmizə yatırılan 4,7 milyard dollarlıq investisiyada 1, 25 milyard dollarla Böyük Britaniya liderdir. Sıralamada 632 milyon dollar investisiya ilə Türkiyə ikinci yerdə, 543 milyon dollarla Cənubi Kipr üçüncü, 384 milyon dollarla İsveçrə dördüncü yerdədir. Maraqlıdır ki, sonrakı yerdə İran gəlir. İran Azərbaycan iqtisadiyyatına 272 milyon dollar investisiya yatırıb. Cənubi Kipr və İran əvvəlki illərdən fərqli olaraq, sıralamada yüksəliblər, Böyük Britaniya isə liderliyini qorumaqdadır. Qeyd etmək lazımdır ki, neft və qaz sektoruna yatırılan investisiya böyük ölçüdə paya sahibdir”.
O ki qaldı Azərbaycanın yatırdığı investisiyalara, bu siyahıda ilk sırada İsrail yer alıb: “Ötən 9 ay ərzində Azərbaycan İsrailə 542,6 milyon həcmində sərmayə yatırıb. Bu, daha çox, neft və qaz sektoru, dəqiq desək, "Tamar" yatağı layihəsinə yatırılan investisiyadır. Sonrakı yerlərdə 289 milyon dollarla Türkiyə, 250 milyon dollarla BƏƏ, Böyük Britaniya və İtaliya qərarlaşıb. Onu da qeyd edək ki, Türkiyə həm investisiya yatıran, həm də investisiya yatırılan ölkə kimi ikinci yerdə qərarlaşıb".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”