Ötən gün ərzində onlarla cinayətin üstü açılıb, axtarışda olan şəxslər saxlanılıb, narkotik vasitələr və qanunsuz silahlar dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, gün ərzində ölkə ərazisində qeydə alınmış 49 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin edilib.
Beləliklə, bir gün ərzində ümumilikdə 80 cinayət faktının üstü açılıb. Axtarışda olduğuna görə ümumilikdə 187 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 146 nəfəri borclu şəxs qismində axtarışda olan şəxslərdir. Eyni zamanda narkotiklərlə əlaqəli 26 fakt aşkarlanıb, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatlardan biri də Salyan rayonunda həyata keçirilən əməliyyatla bağlıdır. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə – marixuana və tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Fikrət Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Paytaxtın Yasamal rayonunda yerləşən bir neçə marketdə qeydə alınan oğurluq hadisələrinin də üstü açılıb. Araşdırmalar zamanı məlum olub ki, oğurluqlar nəticəsində zərərçəkənlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurulub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Gözəlov və 44 yaşlı Z.Baxışzadə müəyyən edilərək saxlanılıblar. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətlərinə görə axtarışda olan 17 nəfər də saxlanılaraq istintaqa təhvil verilib. İyunun 2-də keçirilən tədbirlər zamanı ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfərin də yeri müəyyən edilib. Həmin şəxslər tapılaraq ailələrinə və aidiyyəti qurumlara təhvil veriliblər. Polis əməkdaşları tərəfindən paytaxt və respublikanın müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı 2 avtomat silahı və 9 tüfəng aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Ötən gün qeydə alınan hadisələr arasında ölümcül yol-nəqliyyat hadisəsi də olub. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, iyunun 2-si saat 23:00 radələrində Ələt-Astara avtomobil yolunun 90-cı kilometrliyində, Xırmandalı kəndi ərazisində Aləddin Babayevin idarə etdiyi “Ford Transit” markalı avtomobil qarşıda hərəkət edən Kəramət Ağayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “Ford Transit”in sürücüsü hadisə yerində həyatını itirib. Yol polisi bildirib ki, eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin belə toqquşmaları əksər hallarda sürücünün yorğunluğu, yuxusuzluğu və ya diqqətinin yayınması ilə bağlı olur. İlkin ehtimallara görə, hadisənin baş verməsinə səbəb sürücünün sükan arxasında yuxulaması ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyə, diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına və iş-istirahət rejiminə ciddi əməl etməyə çağırıb.
E.Məmmədəliyev,
Musavat.com