106 yaşlı qalib Azərbaycan Ordusu

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindəki qələbə dünya hərb elmi tarixində mühüm izlər qoydu

Azərbaycan Ordusunun 106 yaşını qeyd etməyə sayılı günlər qaldı. Ordumuzun yaranmasının çox şərəfli tarixi var. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyunun 26-da  ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmənləri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Beləliklə də, hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Ardınca, dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin olundular.

Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırtdı, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Onu da qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Lakin çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi.

Sovet hakimiyyəti dövründə isə Rusiya imperiyası çalışırdı ki, Azərbaycanın milli zabit kadrları yetişdirilməsin. Bunu özü üçün təhlükə hesab edirdi. Bu baxımdan azərbaycanlılara qarşı hərbi siyasət yürüdülür, gənclərimiz hərbi xidmətə çağrılsalar da, onlar döyüş üçün nəzərdə tutulan hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd də aydın idi: azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək.

Ümummilli lider Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə bu vəziyyəti və məqsədi dərindən anlayırdı. Bu səbəbdən çoxsaylı təzyiqlərə və tənqidlərə baxmayaraq, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Beləliklə də onun uzaqgörənliyi ilə Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsininə başlanıldı. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdılar.

Həmçinin Heydər Əliyev sovet dövründə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olur.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilir. Lakin o dövrün məlum səbəblərindən, həmçinin  müstəqilliyin ilk illərindən Ermənistanın ölkəmizə hücumu, törətdiyi qətliamlar  ordu quruculuğu işini dərindən sarsıdır.  Nəticədə düşmən 20 faiz torpaqlarımızı işğal etməyə nail olur.

Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğu işinə xüsusi önəm verir. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə uğurlu əməluyyat  həyata keçirir və Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilir. Ordu quruculuğu işinə böyük önəm verən Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunur.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə ordu quruculuğu prosesi  tamamilə yeni mərhələyə qədəm qoydu.

Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchiz olunması yönündə ciddi işlər görüldü və qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi. “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.

Qeyd edək ki, İlham Əliyevin sərəncamı ilə ölkəmiizdə hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində hərbi məhsullarımız nümayiş olunur.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərində hərbi  paradda çıxış etmişdir | Astarainfo.az

2011-ci il iyunun 26-da Azərbaycan Ordusunun hərbi qüdrəti   Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən Bakıda hərbi paradda əyani nümayiş etdirildi.

Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Belə ki, aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə də, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə tarix yazdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri azad etdi.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, çox qısa bir zamanda, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

Dekabrın 10-da isə bu qələbənin şərəfinə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda düşməndən qənimət götürülən silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə ucaldılan dövlət bayraqlarımız nümayiş etdirildi.

Azərbaycan Silahlı Qüvvələri 2023-cü il üçün ən böyük hesabatını Xankəndidə  keçirilən paradda verdi - RƏY - AZƏRTAC

2023-cü il noyabrın 8-də isə Xankəndidə hərbi parad keçirildi. Paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib:

“Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.

Yazını hazırladı: Xalidə GƏRAY

12.06.2024 12:35
489