İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyaların deputatlığa namizədlərinin sayı açıqlandı

Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib

9 fevral növbədənkənar parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Seçkinin daha bir mərhələsi-namizədlərin qeydə alınması prosesi isə başa çatmaq üzrədir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. 20 siyasi partiyanın sırasında ən çox sayda namizəd irəli sürən və ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Hakim partiya 125 seçki dairəsinin 123-dən deputatlığa namizəd irəli sürüb.

Ana Vətən Partiyasının, BAXCP-nin, Böyük Quruluş Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının 60-dan yuxarı namizədi irəli sürülüb. Vəhdət Partiyası və digər parlament partiyaları isə hərəsinə bir namizədlə seçkiyə qatılıblar.

Parlamentdə olmayan partiyalardan isə ən çox namizədlə seçkiyə qatılan Müsavat Partiyasıdır.

Müsavatın 82 namizəd irəli sürdüyü bildirilir. Lakin namizədlərinin indiyə qədər neçəsinin rəsmi qeydə alındığı barədə məlumat açıqlanmayıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ile ilgili görsel sonucu

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın iki namizədi irəli sürülüb və qeydə alınıb. Bir nəfər isə müstəqil olaraq seçkiyə qatılıb: “Partiyamız seçkilərlə bağlı real vəziyyəti nəzərə alaraq iki nəfərlə seçkiyə qatılmaq qərarı verdi. Parlament partiyası olmaq üçün bir nəfər deputatın da olması yetərlidir”.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya rəsmi 14 namizəd irəli sürüb. Namizədlərdən biri Türkiyədən gələ bilmədiyi üçün imza vərəqələrini seçki komissiyasına qaytara bilməyib. Ancaq digər imza vərəqələri götürənlərin hamısı imza vərəqələrini təhvil veriblər: “15 yanvara qədər AĞ Partiyadan 7 namizəd rəsmi qaydada qeydə alınıb. 6 namizədin isə qeydə alınmasını yaxın iki gündə gözləyirik. Ümid edirəm onlar da qeydə alınacaq. Bununla da AĞ Partiya ən gənc partiya olmasına baxmayaraq parlament seçkilərində ən çox namizədlə çıxış edən partiyalardan biri olacaq. Mən bunu artıq özümüz üçün ilkin uğur hesab edirəm”.

Taliyət Əliyev ile ilgili görsel sonucu

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə bildirdi ki, ADP tərəfindən 24 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 19 nəfəri müvafiq dairələrə sənədlərini təqdim edib. 15 yanvara olan məlumata görə hələ ki 8 nəfərin namizədliyi qeydə alınıb: “Digərləri isə sənədlərini təqdim edib və qeydiyyata alınmasını gözləyirlər. Seçkinin indiyə qədərki mərhələsindəki durumdan, namizədlərin qeydiyyatı prosesindən bir o qədər də razı qalmadıq. Çünki bəzi təsadüflər üzündən bizim ən güclü namizədlərdən biri qeydiyyatdan keçmədi. Partiyanın bir sıra məsələlərinə başı qarışdığı üçün lazım olan sənədləri toplamağa vaxtı çatmadı. Bəzi üzvlərimizə müəyyən məsələlərdə maneçilik törətdilər, qeydiyyat məsələsini 5-6 gün gecikdirdilər. Amma faktiki olaraq imza toplama kampaniyasını başa çatdıran namizədlərimiz sənədlərini təqdim edib və artıq bir neçəsi də qeydə alınıb. Hər halda düşünürəm ki, ilkin mərhələ ümumən müvəffəqiyyətlə keçdi. İndiki şərtlər daxilində bundan artıq nailiyyət əldə edə bilməzdik. Partiyanın maliyyə imkanları həddindən artıq azdır. Vətəndaşlarda seçki fəallığı sıfır səviyyəsindədir. Bu şərtlər altında seçkiyə gedən partiyanın nailiyyəti yüksək olmamalıdır. Reallıqda da bu cürdür. Bununla yanaşı, seçkidə nəticə əldə edəcəyimizə ümid edirik".

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə start verilərkən AMİP 17 dairə üzrə namizədlə qatılıb: “Əvvəlki seçkilərdən fərqli olaraq az namizədlə qatılmağımızın da səbəbi ondan ibarət idi ki, partiyanın potensialını bütün ölkə üzrə dağıtmayaq və konkret dairələr üzrə namizədlərin uğurlu kampaniyasına yönəldək. Təəssüflər olsun ki, bürokratik əngəllər, yerlərdə yaradılan problemlər səbəbindən irəli sürülən namizədlərin hamısı prosesi sonadək apara bilmədilər. Hazırda 8 seçki dairəsi üzrə seçkilərin ikinci mərhələsinə, təşviqat-təbliğat mərhələsinə gedirik. Ümid edirəm ki, prosesi bu 8 namizədlə uğurla başa vuraraq AMİP-i parlament partiyasına çevirə biləcəyik. Çünki namizədlərin hər birinin şansı yüksəkdir və parlamentdə də yüksək səviyyədə təmsil oluna bilərlər”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli i ile ilgili görsel sonucu

VHP İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, 15 yanvara olan məlumata əsasən hələlik 10 namizədləri qeydə alınıb.

Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Yeni AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, seçkidə ümumi olaraq  4 namizədlə iştirak edirlər: “Onlardan üçünün namizədliyi qeydə alınıb. Partiya olaraq bizim qeydiyyatımız olmadığına görə partiya üzvləri müstəqil şəkildə namizədliklərini verib. Bu seçkidə fəal şəkildə iştirak edilir. Tanınmış namizədlərimiz arasında partiyanın sədri Razi Nurullayev namizədliyini verib və qeydiyyata alınıb. Partiyanın sədr müavini Ehtiram Mehdiyevin də namizədliyi qeydiyyata alınıb. Mən də namizədliyimi vermişəm. Bir neçə üzvümüz də müstəqil olaraq seçkilərə qatılıb".

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkidə iştirak edən siyasi partiyaların namizədlərinə İctimai Televiziya və radioda ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutulur. Lakin bu şərtlə ki, siyasi partiyanın ən azı 60 dairədə deputatlığa namizədi qeydə alınmış olsun. 15 yanvara olan statistikaya görə, hələlik ödənişsiz efir hüququnu yalnız YAP əldə edib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR