İnsanlara hürriyət, millətlərə istiqlal!

May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR

Artıq bir neçə gündür ki, may ayını yaşayırıq. Havaların xoş, günəşli keçməsinə baxmayaraq, toyların, el şənliklərinin xeyli azaldığını müşahidə edirik. Bu da səbəbsiz deyil, çünki uzun illərdir ki, insanlar mayı “vay ayı” kimi qəbul edir və bu aya xeyir işlərini salmamağa çalışırlar.

Qeyd edək ki, bir neçə il əvvələ qədər mayda toy, nişan və digər el şənliyinə rast gəlinmirdisə, indi bu ayla bağlı mif bir qədər dağılmağa başlayır.

Belə ki, Musavat.com olaraq bir neçə restoranla əlaqə saxlayıb, vəziyyəti yaxından öyrənməyə çalışdıq. Bizə bildirildi ki, may ayında toy edənlər var, amma onların sayı digər aylarla müqayisədə dəfələrlə azdır.

Bəs niyə hələ də may “vay ayı” hesab olunur? Bu inancın tarixi haradan gəlir?

Bəziləri bu düşüncənin Roma imperiyası dövründə yarandığını iddia edir. Belə ki, may sözü latın dilində “maius” sözündən götürülüb, hansı ki, “May ilahəsi” belə adlandırılıb.

Digər iddialarda isə qeyd olunur ki, Romada may ayında “Lemuriya” adlı tədbir keçirilirmiş. Bu ayda bütün məbədlər bağlanar, dünyasını dəyişənlər yad edilər, dualar oxunarmış. Beləliklə, bu ayda toy, şənlik məclisləri keçirilməyib.

Digər iddialara görə, mayda toy keçirilməməsi bu ayda yasəmən çiçəyinin açması ilə bağlıdır. Belə ki, çiçəyin mənası “ya sən, ya da mən” olduğu üçün mayda əylənməyin, toy keçirməyin düşər-düşməz olduğuna inananlar var. Və yaxud bildirilir ki, may ayında yağışlar çox yağdığından bu ay “ağlayan dövr” kimi xarakterizə olunur. Beləliklə, təbiət ağladığı zaman insanlar da şadlıq etmək, əylənmək istəmir.

Bir qisim yaşlı insanlar qeyd edir ki, may ayında toy edilməməsi ənənəsi təxminən 2 əsr əvvəl Azərbaycana gələn ruslar tərəfindən qoyulub.

Məlum olduğu kimi, həm ruslar, həm də ermənilər arasında may ayının uğursuz olması ilə bağlı bir mif var. Bu gün də bu mifin daşıyıcıları olsa da, artıq buna inanmayanlar üstünlük təşkil edir.

Ermənilər isə bir əsr əvvəl, qondarma erməni soyqırımı ilə əlaqədar hər il aprelin 24-dən mayın 24-dək yas saxlayır, bu müddəti matəm kimi qeyd edirlər. Beləliklə, sovet dövründən bu günə qədər həm ermənilərin, həm də rusların təsiri ucbatından ölkəmizdə hələ də mayı “vay ayı” kimi qəbul edənlər var.

Bununla belə, bəziləri “may ayında toy edilməz” inancını tibbi baxışla da əlaqələndirir. Qeyd edilir ki, bu ayda fəsil dəyişməsi ilə əlaqədar insan orqanizmində həm mənfi, həm də müsbət dəyişikliklər olur. Bu dəyişikliklər insana yüksək əhval-ruhiyyə gətirsə də, qəm-kədər, depressiya halları da yarada bilir. Həmçinin ağır xəstəliklərdən əziyyət çəkənlər orqanizmdə baş verən dəyişikliklər üzündən gözlənilmədən dünyasını dəyişə bilir. Beləcə, may ayı xəstələr üçün ən təhlükəli ay hesab olunur.

İlahiyyatçılar isə qeyd edir ki, may ayında toy keçirilməməsinin dinlə əlaqəsi yoxdur.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2024

18 May 2024

BÜTÜN XƏBƏRLƏR