İnsanlara hürriyət, millətlərə istiqlal!

Kino İttifaqına sədrlik uğrunda mübarizə qızışıb - şanslılar...

Şəfiqə Məmmədova, Rasim Balayev, yoxsa Cəmil Quliyev?

Kino İttifaqının sədri postu uğrunda mübarizə qızışır. Məlumdur ki, noyabrın 4-də xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub. Ləğv olunmuş digər qurum, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin hazırkı sədri xalq artisti Şəfiqə Məmmədovanın namizədliyinin irəli sürüləcəyi deyilirdi. Son olaraq lent.az saytı Ş.Məmmədovanın namizəd olub-olmaması ilə maraqlanıb, lakin xalq artisti jurnalistə kobud rəftar edib. 

Saytın əldə etdiyi məlumata görə, Şəfiqə xanıma Mədəniyyət Nazirliyindən, yüksək məqamlardan bildirilib ki, ləğv olunmuş bir qurum olaraq heç bir halda iclas keçirib namizədliyini irəli sürə bilməyəcəyi deyilib.  İddialara görə, Kino Birliyinə yeni bir namizəd Cəmil Quliyevdir. Amma nə Şəfiqə xanım, nə də Rasim Balayev bu namizədin gəlişinə məmnun deyillər.

İctimai TV-nin keçmiş rəhbəri Cəmil Quliyev xəbəri təkzib etməyib, amma səhhətində problem olduğunu əsas gətirərək danışa bilmədiyini deyib.

Cəmil Quliyevin namizədliyi barədə susması onun ehtiyatlı mövqe tutması ilə izah edilir. Bildirilir ki, İctimai TV-nin keçmiş rəhbəri kino ictimaiyyətinin onun namizədliyinə qarşı çıxmasından və namizədliyinin irəli sürülməsinə mane olmasından ehtiyat edir.

Yeni xəbərlərə görə, daha bir nəfər AKİ-nin sədri postuna namizədliyini irəli sürmək niyyətindədir. Həmin şəxs kinorejissor, “Space” TV-nin keçmiş rəhbəri Vaqif Mustafayevdir.

Məsələ ilə bağlı xalq artisti, görkəmli aktyor və rejissor Ənvər Həsənov Manset.az-a açıqlamasında bildirib ki, səhhəti bağlı özünü nə qədər nasaz hiss etsə də, qurultayda iştirak edəcək. O qeyd edib ki, Şəfiqə xanımın kinoya heç bir dəxli yoxdur: “O, teatr aktrisasıdır və getsin aktrisalığını etsin. Gözəl xanım və gözəl aktrisadır. Ancaq kino ilə bağlılığı təəssüflər olsun ki, yoxdur. Rasim Balayev isə 73-cü ildən kinoda işləyir. Bu sahə ilə bağlı biliyə malikdir, ona ümidim var. Lakin həm Şəfiqə xanım, həm də Rasim bəy mənim kimi qocalıblar. Şəfiqə xanım ilə iki-üç filmdə birlikdə işləmişəm. Mən 5 ildir pensiyaya çıxmışam. Mənim vaxtımda Şəfiqə Məmmədova sədr seçildi. Özüm də ona səs vermişəm. O vaxt məndən çox xahiş etdilər. Dedilər ümidimiz, dayağımız olacaq. Məni buna vadar elədilər. Mən də ona səs verdim. Məndən sonra da dostlarım hamısı ona səs verdi və Şəfiqə xanım seçildi. Mən oradan işdən çıxanda həm aktyor, həm rejissor, həm də kino yayım şöbəsinin müdiri idim.

Şəfiqə aktyorlara bir dəfə əl tutmadı, Azərbaycan filminə bir dəfə kömək etmədi. Mənim yeganə namizədim Kino Fondunun müdiri və keçmiş kinostudiyanın redaktoru Cəmil Quliyevdir. Həm ədib, həm rejissordur. Sənəti bilir, sənətə və sənətkara qiymət verir".

Xatırladaq ki, bu ilin iyul ayında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib. Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılıb. Qurumların ləğvi Ədliyyə Nazirliyi tərəfindən də təsdiq edilib. Bu halda ləğv olunmuş qurumların hansı hüquq və qaydalar əsasında  seçki keçirdikləri, namizəd irəli sürdükləri məlum deyil. 

Şeyx Əbdül Mahmudov: Mədəniyyətimizin bütün sahələrində köklü dəyişikliklər  gözləyirəm - AZƏRTAC

Şeyx Əbdül Mahmudov

Məsələ ilə bağlı Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, bu ittifaq ictimai təşkilatdır və hər şeyi qurultay həll edir, qurultayla namizəd irəli sürülür, sədr seçilir. Sual olunur ki, mövcud olmayan, ləğv edilən bir təşkilat necə namizəd irəli sürə bilər? Bu haqda həqiqətənmi heç kəs sual etmir, düşünmür? Yəni hər iki ittifaq şifahi də deyil, rəsmi surətdə, yazılı şəkildə bu məsələyə son qoyub. Yəni bu dərəcədə məsuliyyətsizlik, özbaşınalıq, anarxiya olarmı? Bu həm də biz kino xadimləri üçün təhqirdir! Əgər belədirsə, elə çayxanada görüş təşkil edib, sədr elan edək. 

Daha bir məsələ, bütün amillər onu tələb edir ki, kinoya rejissor rəhbərlik etsin. Yəni ittifaqın rəhbəri kinorejissor olmalıdır və dünyanın hər yerində belədir, bizdə də daim belə olub. Onlar artıq biznes davası edirlər. Oturub kabinetlərdə boş yerə dövlətdən maaş almaq istəyirlər. Əvvəl hər iki ittifaq bizə hesabat verməlidir ki, bu illər ərzində onlar nə iş görüblər. Heç nə, kabinetlərdə oturub, özləri üçün kef ediblər. Qurultayda  mütləq hər iki ittifaqın sədrinin hesabatı dinlənilməli, müzakirə olunmalıdır. Daha sonra namizədlər irəli sürülməli, həmin namizədlər də bizə hesabat verməlidirlər ki, onların fəaliyyətləri nədən ibarət olacaq".

Ləğv olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olmuş, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev isə qeyd edib: “Mən artıq tamamilə bu məsələdən, ittifaqdan kənaram. Yəni ittifaqa kimin sədr seçiləcəyi, nə baş verəcəyi məni maraqlandırmır”.

Afaq Bəşirqızı uzun fasilədən sonra səhnədə

Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı yeni Kino İttifaqına sədr kimi görmək istədiyi kino xadiminin adını açıqlayıb: “Əslində həm Cəmil Quliyev, həm də Vaqif Mustafayev kino sahəsində "bişmiş" insanlardır. 

Cəmil Quliyev kino-televiziyada böyüyən, yetişən adamdır. Onun atası, rəhmətlik Elşad Quliyevin televiziyanı necə saxladığı, inkişaf etdirdiyi hər kəsə məlumdur.  Hesab edirəm ki, bu sədr məsələsində çox diqqətli olmaq lazımdır. Ümumiyyətlə, incəsənət sahəsində vəzifədə oturmaq fədakarlıq tələb edir. Yəni bu sahəni sevib, özünü ona qurban verməlisən. Burada paxıllıq, tərəfkeşlik, qohumbazlıq, haqqı qoyub, nahaqqın yanında durmaq olmaz. Ona görə də elə bir insan varmı ki, özünü buna fəda etsin? Deyim ki, qeyd etdiyim cəhətlər Cəmil Quliyevə daha çox aiddir. O, çox təvazökar, həddən ziyadə mədəni insandır və buna görə sədr onun olmağını istərdim". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR