İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki rektor ədalətli hökm tələb edir – Prorektorun sifarişli QƏTL İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində “Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlini sifariş verməkdə təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyevin cinayət işi üzrə proses yekunlaşmaq üzrədir.

Musavat.com xəbər verir ki, Müşfiq Atakişiyev hakim qarşısına Dəyanət və Samir Quliyevlərlə birgə çıxarılıb.

Müşfiq Atakişiyev prorektor Tariyel Əhmədovun qətlini polis zabiti Dəyanət Quliyevə sifariş etməkdə, Dəyanət Quliyev həmin qətl sifarişini həmyerlisi olan taksi sürücüsü Samir Quliyevə tapşırmaqda, taksi sürücüsü qətli icra etməkdə təqsirləndirilir.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Müşfiq Atakişiyev son söz deyib. Bildirib ki, ittiham aktı onun barəsində qərəzli tərtib olunub. Barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işinin başlanması əsassızdır. Onun sözlərinə görə, Tariyel Əhmədovun öldürülməsi üçün heç bir sübut yoxdur:

“Tariyel Əhmədov məni həbs etdirmək gücünə sahib deyil. Məndən şikayət etsə də, bu məni narahat etməyib. Dəfələrlə şikayət edib, fəaliyyətim yoxlanılıb. Hüquqa zidd əməl aşkar edilməyib. Tariyel Əhmədov məndən 10 illər ərzində şikayət yazıb. Bütün Azərbaycan bilirdi ki, o, şikayət yazan idi”.

Müşfiq Atakişiyev deyib ki, prokuror onların hər birinə 15 il cəza istəyib:

“Bu, ən ağır cəzadır. Hər birimizə ağır cəza istəməsi aramızda fərqin qoyulmasıdır. Ziyalı ilə cinayətkar arasında fərq qoyulmaması, ölü ilə diri arasında fərqin qoyulmaması kimidir. Barəmdə ədalətli qərar qəbul edilməsini istəyirəm”.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər.

Məhkəmənin hökmü ilə hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib. İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sifariş əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, onun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.

İttihamda qeyd edilib ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb. Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyanətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb. Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi. Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.

Müşfiq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub. Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru olub. “Təfəkkür Universiteti” 2017-ci ildə ləğv edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR