İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə əməkdaşlığın genişlənməsi nə vəd edir – TƏHLİL

Azərbaycanın Çinlə əməkdaşlığı həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Prezident Bakı və Pekinin bir-birinin ərazi bütövlüyünə dəstək verdiyini qeyd edib: “Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib. Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir”.

Dövlət başçısı Çinin rəhbəri Si Cinpinlə dəfələrlə görüşdüyünü və həmin görüşlərdən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərə əlavə təkan verir.

Qeyd edək ki, Çin son illərdə qlobal səviyyədə iqtisadi-siyasi təsirini sürətlə artırır. Pekinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsi yüzədək ölkəni əlaqələndirir. Azərbaycan bu layihənin tərkib hissəsi olmaqda maraqlı olduğunu açıq şəkildə bəyan edib, Çindən Avropaya və əksinə yükdaşımaların öz ərazisindən reallaşması üçün müasir infrastruktur yaradıb. Rusiyanın Ukraynaya hücumu, Yaxın Şərqdə - Qırmızı dəniz regionunda baş verən böhran Çindən Azərbaycan üzərindən Avropaya yükdaşımaları nəzərdən tutan Transxəzər nəqliyyat dəhlizinə marağın kəskin yüksəlməsinə səbəb olub. Bu isə Azərbaycanın Çinlə sağlam əməkdaşlığının genişləndirilməsini daha da zəruri edən amilə çevrilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, başqa sözlə Orta Dəhliz Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayan etibarlı, təhlükəsiz, sərfəli alternativdir. Hazırda bu dəhliz üzrə Çinin Sian, Çendu, Çindao, Çonçin, Lianyunqan, Cinhua və digər şəhərlərindən dəmir yolu ilə yüklərin daşınması həyata keçirilir. 

Qeyd edək ki, Azərbaycan və Çin arasında son illərdə ticarətin həcmi əhəmiyyətli həcmdə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar, 2023-cü ildə isə 44 faiz böyüməklə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, ikinci ən böyük idxal mənbəyidir.

Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən Azərbaycana 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir və investisiyaların həcmi 1,7 milyard dolları ötür.

Azərbaycan Çinə həm də qeyri-neft məhsullarının perspektivli ixrac bazarı kimi baxır. Azərbaycan məhsullarının Çinə ixracını təşviq etmək məqsədi ilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində bir neçə “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Yaxın vaxtlarda Çinin daha 2 şəhərində ticarət evi açılacaq. 

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, 2019-cü ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənəd imzalanıb və onların reallaşmasının gedişi Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin sürətlənməsi timsalında daha qabarıq görünür: b33bb4f5adc1839524130d71971ce0a0.jpg (62 KB)“Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çoxdur. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Sadalanan bu nəticələri daha da yaxşılaşdırmaqdan ötrü iki ölkə arasında ticarət prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların və texniki-iqtisadi əməkdaşlığın artırılması, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması və sərmayəçilərin qanuni hüquq və maraqlarının təmin olunması və sair bu kimi istiqamətlərdə genişmiqyaslı işlər davam etdirilir. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində də səylərini artırıblar. Son illərdə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb”(Azərtac).

Ə.Məsimli onu da qeyd edir ki, ölkələr Transxəzər dəhlizi ilə bağlı səmərəli əməkdaşlıq qurublar:

“Avropa ilə Asiya arasında ticarət yollarının yeni marşrutlarının yaranması prosesi Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini xeyli artırıb. Azərbaycan Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb. Bu kontekstdə "Orta Dəhliz” layihəsi Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevrilir. Ona görə də Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsi ilə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə daxil olmasına əlavə güc verir”.

Ə.Məsimli bildirib ki, Azərbaycan mühüm neft-qaz hasilatçısı və ixracatçısı olmaqla yanaşı, həm də bərpaolunan enerji mənbələri üzrə də yüksək potensiala malik ölkələrdəndir:

“Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsindən ibarətdir. Son vaxtlar bu istiqamətdə xeyli iş görülüb və reallaşdırılan layihələrin dairəsi getdikcə genişləndirilir. Azərbaycanın bu sahədə əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından “ACWA Power” şirkətləridir. Lakin bu təşəbbüsə digər ölkələrdən olan şirkətlər - BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalanıb. “ACWA Power” şirkətinin yaşıl enerji ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi Azərbaycan-Çin əməkdaşlığının yeni müstəvilərdə də genişlənməsinə yol açır. Beləliklə, Azərbaycanla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Bu mərhələ üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, eyni zamanda, həm də elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanınla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, sözügedən sahə və istiqamətlərdə də səmərəli fəaliyyətlərin artırılması istiqamətində işlər getdikcə intensivləşəcək”.

İqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Çinlə Azərbaycan arasında münasibətlərin xarakteri burada hansısa mənfi nüansların olmasını mümkünsüz edir:

eldeniz_emirov.jpg (57 KB)

“Ölkələr arasında ticarət, investisiyalar, beynəlxalq nəqliyyat layihələri çərçivəsində səmərəli və inkişaf edən əlaqələr mövcuddur. Çinin “Bir kəmər, Bir yol” layihəsində iştirak Azərbaycan üçün yaxşı perspektivlər açır. Bu gün Çinlə ticarətin əsasında Azərbaycanın oradan idxalı dayanır. Ümumi ticarət dövriyyəsinin 97 faizindən çoxunu bizim Çindən idxalımız təşkil edir. Bu baxımdan, Azərbaycanın Çin üçün əhəmiyyəti daha böyükdür. Digər tərəfdən, Çinin Avropaya ənənəvi və problemli marşrutlardan kənar çıxışında Azərbaycanın xüsusi yeri var: 3 çıxış yolundan ikisində - Rusiya üzərindən və Qırmızı dəniz vasitəsilə çıxışlarda problemlər var. Yalnız Azərbaycan üzərindən reallaşan Orta Dəhliz risklərin azlığı, həm də rentabellik baxımından önə çıxır. Buna görə də Azərbaycan Çin üçün öz məhsullarının satış bazarından əlavə, həm də Avropaya ixracının əsas tranzit ölkələrindən biri kimi maraqlıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2024

BÜTÜN XƏBƏRLƏR