İnsanlara hürriyət, millətlərə istiqlal!

9 Mayı niyə qeyd etməliyik - rəylər 

 

Müstəqilliyimizin bərpasından, xüsusilə Qarabağ Zəfərimizdən sonra hər il 9 May ərəfəsində cəmiyyətdə bu müzakirələr açılır ki, biz bu günü qeyd etməliyikmi? Yaxud belə suallar verilir ki, 9 May Qələbə gününün bizə aidiyyəti varmı? Əksəriyyət deyir ki, bəli, bu günün bizə də aidiyyəti var və biz bu günü qeyd etməliyik. 

Çünki faşizm üzərində qələbənin çalınması üçün 600 min nəfərdən çox azərbaycanlı müharibəyə gedib və onların 300 min nəfəri həlak olub. Üstəlik, bu qələbənin əldə olunmasında Bakı nefti mühüm rol oynayıb. Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz. Reallıq bundan ibarətdir ki, biz 70 il SSRİ-nin tərkibində olmuşuq. Bu, tariximizin mühüm bir parçasıdır və ondan imtina edə bilmərik. Biz artıq Qarabağımızı tam azad etmişik və bizim Zəfər Günümüz var. Eyni zamanda faşizm üzərində qələbədə də Azərbaycanın böyük rolu, haqqı var, bu müharibədə həlak olan soydaşlarımızın, vətəndaşlarımızın xatirəsini daim yad etməliyik. 

Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilsin. Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.

Fazil Mustafa yeni yaradılan universitetlərdən danışdı

Fazil Mustafa: “Azərbaycanın bu prosesdə kənarda qalması bizə üstünlük verməyəcək, ona görə...”

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, 9 May Qələbə günü bir qrup dövlətlərin müştərək qeyd etdiyi bir bayramdır: “Yəni spesifik olaraq bizim bayramımız deyil. Amma Azərbaycana da aidiyyəti var. Müharibədə iştirak etmiş, həlak olmuş, itkin düşmüş minlərlə insanımız var. Onların xatirəsi üçün anılır. Faşizm üzərində tarixi qələbə müştərək şəkildə qeyd olunur. Məncə, buna Azərbaycanın qoşulması böyük bir mənəvi kriteriya yaratmasa da, hər halda, əlaqəli olduğuna görə zərəri də yoxdur. Bütövlükdə biz sovet dövründə olan tariximizə münasibət baxımından bu proseslərdə iştirak edirik. Həm də əlaqələrin itməməsi baxımından bu müharibədə, bir səngərdə döyüşmüş insanların rolunu düşünərək qeyd edirik. Cəmiyyətdə, əlbəttə, müxtəlif baxışlar var. Bizim də fikrimiz bu idi ki, bəlkə bu bayramları çox qabartmayaq. Amma indi MDB məkanında bu qeyd olunursa, Azərbaycanın da bu prosesdə kənarda qalması bizə üstünlük verməyəcək. Bu, müəyyən dərəcədə siyasi əlaqələrimizə də təsir göstərə biləcək addım olar. Ona görə birlikdə qeyd etməyimizin ziyanı yoxdur. Bizim əsl qələbəmiz isə Qarabağın, Şuşanın azad olunmasıdır ki, bunu da qeyd edirik”. 

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik - "İki sahil"

Ədalət Verdiyev: “Bizim əsl qələbəmiz 8 noyabr tarixidir və...”

Hərbi ekspert Ədalət Verdiyev də mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a bildirdi: “9 May Qələbə günü kimi dünyanın bir çox ölkələrində qeyd edilir. Bu qələbədə təbii ki, bizim ata-babalarımızın böyük qəhrəmanlığı olub, bunu qeyd etməyə bilmərik. Azərbaycanın milli bayramı səviyyəsində deyil, bu qələbənin əldə olunmasında azərbaycanlıların rolu olduğuna görə bu qələbəni qeyd edirik. Bu müharibə sırf Azərbaycanın maraqları çərçivəsində aparılmırdı. Bizim də bir parçası olduğumuz SSRİ məkanının faşizmdən təmizlənməsi uğrunda apardığımız bir mübarizə idi. Bu bayramı da biz müəyyən məhdud miqyasda qeyd edirik. Geniş qeyd edəcəyimiz qələbə günü isə 8 Noyabrdır. Bu, Azərbaycan xalqının erməni faşizmi üzərində qələbəsidir. Biz bu qələbə gününü Azərbaycan yaşadıqca hər il təntənəli şəkildə qeyd edəcəyik. Bir sözlə, artıq dörd ildir ki, Azərbaycan xalqının qeyd etdiyi öz Qələbə günü var. Bizim əsl qələbəmiz 8 noyabr tarixidir”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR