Fransa Ermənistanı mifik işğalla qorxudur

Fransa rəsmilərinin, o cümlədən bu ölkənin səfirinin bəyanatları göstərir ki, Paris Ermənistana müstəmləkəsi kimi baxır və bunu gizlətmir...

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfərinin erməniləri qəzəbləndirməsi barədə məlumat vermişdik. Yada salaq ki, X platformasının erməni istifadəçiləri amerikalı diplomatı sərt tənqid və təhqir edib. Onlar ABŞ-ı ermənilərə xəyanət etməkdə ittiham ediblər. 

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini isə ötən həftəsonu “AzadlıqRadiosu”nun erməni bürosuna müsahibəsində yenə də Azərbaycanı ittiham edib. Səfir bildirib ki, guya Azərbaycan Ermənistan ərazisinin “böyük hissəsini işğal edib” və o, həmin əraziləri tərk etməlidir. “Fransanın baş naziri bu yaxınlarda bunu xatırladıb”, - deyə o bildirib. 

Qeyd edək ki, Fransa səfirinin “Ermənistan güzəşt edib” sözləri ənənəvi olaraq Parisin bu nizamlamada tutduğu qərəzli və birtərəfli mövqeyin növbəti təzahürüdür. Ermənistan heç nəyi güzəştə getməyib, əksinə, Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən 4-nü qaytarmağa razılaşıb.

Dekottini Fransanın Bakıdakı səfirinin “harada olması” sualına cavabında da “Şuşidə deyil” deyib. Şuşanı “Şuşi” adlandıran gerizəkalı səfir bu açıqlaması ilə həm də bu yaxınlarda Şuşaya səfər etmiş ABŞ-ın Azərbaycandakı səfirinin hərəkətinə öz aləmində ironiya etmiş olub. 

Qeyd edək ki, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon hələ də Şuşa şəhərinə getməkdən imtina edir. Fransa səfirinin Şuşaya getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlir.

Ann Buayon bu yaxınlarda Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün Parisə çağırılmışdı. Lakin rəsmi Paris sonradan səhvini anlayaraq, səfir Ann Buayonu yenidən Bakıya qaytardı və xanım diplomat hazırda Azərbaycan paytaxtında fəaliyyətini davam etdirməkdədir. 

Son olaraq Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin sakinləri ilə görüşdə bu məsələyə toxunub. Prezident “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır” deyib.  İlham Əliyev Qarabağ münaqişəsinin həllindəki fəaliyyətinə görə ATƏT-in Minsk Qrupu ölkələrini tənqid edib. “Necə ki sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər, Fransa da, Amerika da həmçinin. Onlar məsələni həll etmək istəmirdilər. Regional diplomatiyanın böyük oyunçuları - Fransa və Amerika Azərbaycanın mövqeyini nəzərə almaya bilməz. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”, - deyə İlham Əliyev bildirib. 

İrəvandakı səfirin açıqlamasından da görünən budur ki,  Fransa Ermənistanı mifik işğalla təhdid etməkdədir, əslində isə Paris özünə yeni erməni koloniyası yaratmaq  niyyətindədir...

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Fransa üçün Ermənistanın maraqları önəmli deyil: “2024-cü il aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə razılaşmadan sonra Fransa rəsmilərinin siyasi isterikası Parisin regionda əsl məqsədlərini ifşa etdi. Ermənistan hakimiyyətinin Qazağın dörd kəndinin dinc yolla beynəlxalq hüquqa uyğun olaraq Azərbaycana qaytarılmasında ehtiva olunan sərhəd razılaşması prosesinin başlandığı vaxt Fransanın prosesi ləngitmək səyləri göstərir ki, Paris üçün Ermənistanın və erməni xalqının maraqları, ümumiyyətlə, önəmli deyil. Çünki sülh üçün yaranmış unikal imkanda əslində Ermənistanın və erməni xalqının maraqları ən qısa zamanda Azərbaycanla münasibətlərin normallaşdırılmasını diktə edir. Lakin Fransa regionda özünün neokolonist maraqlarına görə Bakı və İrəvan arasında gərginliyin artmasında nəinki maraqlı görünür, üstəlik, yenidən münaqişənin alovlanması üçün silah-sursat verilməsindən tutmuş revanşist kəsimin maliyyələşdirilməsinə qədər çoxsaylı təxribatçı davranışlar sərgiləyir. Fransa rəsmilərinin, o cümlədən bu ölkənin səfirinin bəyanatları da göstərir ki, Paris Ermənistana müstəmləkəsi kimi baxır və bunu gizlətmir. Fransanın Ermənistandakı səfiri isə özünü Parisin İrəvandakı canişini kimi aparır. Xüsusən ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya səfəri çərçivəsində Fransanın İrəvandakı səfirinin kinayəli bəyanatları fonunda bunu daha aydın formada müşahidə etmək olur. Fransanın Cənubi Qafqazda sülh prosesinə maneə olmaq cəhdləri beynəlxalq hüququn dövlətlərin daxili işinə qarışmama prinsipinə, bu ölkənin Ermənistandakı səfirinin təxribatçı fəaliyyəti isə "Diplomatik münasibətlər haqqında" 1961-ci il konvensiyasına köklü şəkildə ziddir. Görünən odur ki, təcavüzkar niyyətlərinin əsiri olan Fransa üçün artıq diplomatik və hüquqi hədlər qalmayıb. Lakin reallıq ondan ibarətdir ki, Parisin nə istəməsi, yaxud nəyə cəhd etməsi regionda artıq əhəmiyyət kəsb etmir. Təbii ki, biz situasiyanın nəzarətdən çıxmaması üçün prosesləri diqqətlə izləyirik və Bakının mövqeyi də kifayət qədər aydın və adekvatdır. Prezident İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında sakinlərlə görüşündə çox açıq şəkildə xəbərdarlıq etdi ki, “əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda, hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Fransanın istəklərinə nail olmayacağını söylədi: “Fransa Ermənistan və Gürcüstanı ABŞ-ın razılığını alaraq öz təsir dairəsinə salmaq istəyir. Bu yöndə Paris müəyyən addımlar atıb, müvəffəqiyyətlər əldə edib, amma hələ tam istəyinə nail olmayıb. Belə gedişatla olmayacaq da... Çünki Ermənistan və Gürcüstanda hələ də Rusiyanın güclü təsiri var. Xüsusən də bu güc nümayişi Ermənistandadır. Ermənistanın dövlət sərhədlərini rus hərbçiləri qoruyur. Bircə bu faktor kifayətdir ki, Moskvanın İrəvan üzərində hegemonluğunu göstərsin. Üstəlik, Cənubi Qafqazda müstəqil siyasət aparan Azərbaycan və onun güclü müttəfiqi Türkiyə var. Ona görə də Fransanın işi çox çətindir. İstənilən halda bütün gedişatlara Bakı və Ankara nəinki hazır olmalıdır, operativ cavab verməlidir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

15.05.2024 13:42
876